вторник, 21 мая 2013 г.

Proqramlaşdırma dilinin seçimi

Proqramlaşdırma sahəsini öyrənmək istəyən hər bir şəxs üçün qarşıda duran əsas məsələlərdən biri hansı dili öyrənməyə başlamaq sualı ilə başlayır. Proqramlaşdırma sahəsinə səyahətdə ilk yol yoldaşım olan kitabın ikinci, üçüncü və dördüncü bölmələri bu mövzuya həsr olunub. Kitabda da qeyd olunduğu kimi qədim dövrlərdə hələ proqramlaşdırma yeni yarananda proqramistlər əsasən birlər və sıfırlardan ibarət olan maşın (yəni komputer) dilində yazmağa başlamışdılar. Maşın dilinin üstünlüyü ondadır ki, proqramlar birbaşa bu dildə yazıldığı halda daha sürətli icra olunur amma onların yazılmasına çox vaxt lazımdır və səhvlər etmə imkanı çox yüksəkdir.
Sonra bu sahə genişləndikcə insan dilini yəni adi sözlərdən ibarət olan komandaları maşın dilinə çevirmək imkanı olan proqramlaşdırma dilləri meydana gəlməyə başladı. Bunların ən köhnələrindən olanı və maşın dilinə daha yaxın olan Asambler olmuşdur. Asamblerin də öz müsbət və mənfi tərəfləri var.
Ümumiyyətlə bu ərəfədə bir çox proqramlaşdırma dilləri meydana gəlmişdir. Bunların sırasında COBOL (COmmon Business Oriented Language), FORTRAN (FORmula TRANslator), C olmuşdur. Ancaq proqramlaşdırma yenə də bir sıra insanlar üçün çətin olduğu üçün Pascal və Basic proqramlaşdırma dilləri yaradılmışdır. Bu dillər vasitəsilə proqramlaşdırma öyrənmək və proqram yazmaq daha da asanlaşdırılmışdır.
Yuxarıda göstərilən proqramlaşdırma dillərinin bazasında, zamanla daha da təkmilləşdirilmiş və C - C++, C#, Pascal - Delphi proqramlaşdırma dilləri yaranmışdır. C proqramlaşdırma dili B proqramlaşdırma dilinin bazasında yaradılmışdır. Bu arada A proqramlaşdırma dili heç vaxt olmayıb, elə B-dən başlayıblar. :)
Mənim əsas maraq sahəmdə olan web sahəsi üçün isə HTML bilgilərinin olması gərəklidir. Daha interaktiv səhifələrin yaradılması üçün isə PHP, Java, Java Script, VBScript bilmək lazımdır.
Məlumatlar bazasının yaradılması üçün isə dBase, FileMaker, FoxPro, Microsoft Access, MySQL dən istifadə olunur.
Proqramlaşdırma aşağıdakı mərhələlərdən ibarətdir:
1. Proqramın ümumi ideyası formalaşdırılır,
2. Proqramın potensial istifadəçiləri müəyyən olunur,
3. Hansı tip komputerlər və sistemlər üçün proqram nəzərdə tutulduğu müəyyən olunur,
4. Proqramlaşdırma dili seçilir,
5. Proqram yazılır,
6. Test olunur,
7. Test nəticəsində yaranmış problemlər aradan qaldırılır 6-cı addım təkrarlanır,
8. Proqram başqa şəxslərə istifadə olunaraq test olunması üçün başqa verilir,
9. İstifadə prosesində yaranmış problemlər araşdırılır, düzəlişlər olunur və yenidən istifadəçilərə qaytarılır,
10. Tam işlək vəziyyətdə olandan sonra ümumi istifadə və ya satışa çıxarılır.

Bu paraqrafları oxuduqdan sonra gəldiyim nəticələr:
- İdeal proqramlaşdırma dili yoxdur. Hər bir dilin öz müsbət və mənfi cəhətləri var. Əsas proqramlaşdırma məntiqini başa düşməkdir. 

вторник, 14 мая 2013 г.

Web proqramlaşdırmaya START

Əziz dostlar,

Bu gündən web proqramlaşdırma sahəsini öyrənmək qərarına gəlmişəm və qərarım da qətidir. Tanıdığım insanların, dostların, tanışların bu mövzuda dəstək olması, həmçinin bu sahənin mütəxəssisi olan şəxslərin öz biliklərini mənimlə bölüşərək, səhvlərimi düzəltməsi üçün, eləcə də bu sahəni mənimlə birlikdə öyrənmək istəyənlər üçün bloqumda addım-addım öyrəndiklərimi, oxuduqlarımı Sizinlə bölüşəcəyəm.

Bu gündən Уоллес Вонг - Основы Программирования для "чайников" kitabını oxumağa başlayıram. Hər bir bölmə üzrə öz təsüratlarımı və fikirlərimi paylaşacağam.

Kitabın birinci bölməsində qeyd olunduğuna görə proqramlaşdırma asan bir sahədir. Kitabda xoşuma gələn ifadə o oldu ki, həqiqətən də hər kəs avtomobilin matorunun neçə qurulduğunu və işlədiyini bilmir amma istənilən şəxs avtomobil sürməyi öyrənə bilər. Onun üçün də hər kəs komputerin işləmə mexanizmlərini dərindən öyrənməyə ehtiyac olmadan proqramlaşdırmanı öyrənə bilər.

Proqramlaşdırma öyrənməyə başlamazdan öncə müəyyən etmək vacibdir ki, bunu nə üçün edirsiniz?
Kitabda bu suala bir sıra cavab variantları təklif olunur. Düşünürəm ki, proqramlaşdırma mənim üçün bir xobbi olacaqdır. Bir də bəzən elə olur ki, iş prosesində və ya həyatda komputer proqramları ilə əlaqədar ehtiyaclar yaranır ki, onları yerinə yetirmək istəyirsən amma proqramlaşdırma sahəsində yetərincə biliklər olmadığına görə bu mümkün olmur. Düşünerəm ki, bu sahədə biliklərimi artıraraq mənə lazım olan xırda proqramları özüm yarada bilərəm.

Proqramlaşdırma çətin deyil amma o çox zaman alır.
Kitabda qeyd olunduğu kimi evinin yerini addım-addım izah etməyi bacaran hər bir şəxs proqramlaşdırma sahəsini öyrənə bilər. Yəni Biz evimiz yerini izah edəndə deyirik ki, gedirsən məsələn filan küçəyə, filan mağazanın yanından dönürsən sağa, ordan gedirsən ikinci bloka, çıxırsan üçüncü mərtəbəyə və s. Proqramlaşdırmada da ardıcıllı addımlar vardır ki, bunlar proqramlaşdırma dilində yazılaraq komputerə bildirilməlidir ki, komputer həmin addımlar ardıcıllığını icra etsin. Burda həmçinin yolun uzunluğu, mağazanın parametrləri və digər proqram elementlərinin xüsusiyyətlərini qeyd etmək lazımdır. Əslində belə baxanda proqramlaşdırma elə dünyaya bənzəyir. Sanki, proqramist komputerdə denyanın müəyyən bir elementini yaradır. Onun normal çalışması üçün iş prinsipi ilə əlaqədar parametrləri düzgün daxil edilməlidir ki, proqram təyinatı üzrə çalışsın.

Proqramlaşdırmanı öyrənmək üçün lazım olan üç əsas keyfiyyət:

1. Məqsədli və iradəli olmaq. Əgər proqramlaşdırmanı həqiqətən də öyrənmək istəsəniz və bunu qarşınıza məqsəd qoysanız. Siz buna nail olacaqsınız.
2. Məraklı olmaq. Əgər Siz müxtəlif yeniliklər, yeni sahələrlə bağlı məraklı insansınızsa bu Sizə faydalı olacaqdır.
3. Geniş təxəyyülə malik olmaq. Proqramlaşdırma bir bacarıqdır. Bu bacarığı qazanmaq mümkündür ancaq yaradıcı təxəyyül bu bacarığı daha qabarıq edir və yaradılmış proqramları və resursları daha da maraqlı və faydalı edir.

Bu kitabın birinci bölümündən öyrəndiklərimdir. Növbəti bölümlərdə qazandığım bilikləri önümüzdəki günlərdə paylaşacağam.

понедельник, 13 мая 2013 г.

Bankdan necə faizsiz kredit götürüb, üstəlik kreditə görə faiz qazanmaq olar?

Əminəm ki, bu başlığı oxuyanda düşünürsünüz ki, Bank ola, faizsiz kredit verə, hələ üstəlik də kreditə görə müştəriyə faiz ödəyə? :) Onda Bank müflis olar ki! Əslində isə bunun tam qaydalar çərçivəsində, həm müştərilərin, həmçinin də Bankın maraqları qorunmaqla, yolları vardır və hər bir şəxs bu imkandan istifadə edə bilər. Buna yeni tətbiq olunmağa başlamış taksit kart sistemi vasitəsilə nail olmaq olar. Daha aydın olması üçün konkret olaraq bir nümunə hədəf üzərində izah edəcəyəm və addımları bir-bir qeyd edəcəyəm:
Hədəf: Arçelikdən (250-dən çox mağaza) bir ədəd kondisioner 484 manata, bir ədəd paltaryuyan maşın 456 manata almaq və bu əməliyyatdan maksimum qazanc əldə etmək. Ümumi xərcləməli olduğumuz məbləğ 940 manat təşkil edir.

Hədəfə çatmanın sərfəli olmayan variantı:
Siz evdə əziyyətlə yığdığınız pulu aparıb verirsiniz və heç bir əlavə qazanc əldə etmədən hədəfə nail olub, yığdığınız pulu da sərf etmiş olursunuz. Yəni yuxarıda qeyd olunan avadanlıqları nağd ödəniş edərək əldə edirsiniz.

Hədəfə çatmanın sərfəli variantı: 
1. Yaxınlaşırsınız "Azərbaycan Sənaye Bankı" ASC-nin Z. Əliyeva 3 ünvanından (Kukla Teatrı ilə üzbəüz) yerləşən Mərkəz fililına;
2. Mərkəz filialında 3 illik 10% dərəcəsi ilə 1000 manat depozit yerləşdirirsiniz.
                3. Bankdan, yerləşdirilmiş depozit müqabilində heç bir sənəd təqdim etmədən 950 manat
                    (əmanət məbləğinin 95% həcmində) kredit limitli ExtraCard kredit kartını əldə edirsiniz.
                4. Kartı götürüb yaxınlaşırsınız Arçeliyə kondisioner və paltaryuyan maşını 12 ay taksitlə
                    (hissələrlə ödəməli) alırsınız. Üstəlik məbləğin 2% (18 manat 80 qəpik) həcmində dərhal
                    bonus qazanırsınız. Bu bonusu elə yerindəcə, Arçelikdə istifadə edə bilərsiniz və yaxud
                    başqa partnyor mağazalardan istədiyiniz malı ala bilərsiniz.
                5. Aldığınız malları 12 ay ərzində ayda 78 manat (940 / 12) ödəməklə faizsiz əldə etmiş
                    olursunuz. Aylıq ödənişlər vaxtı-vaxtında həyata keçirilərsə heç bir əlavə faiz ödəmirsiniz.

Beləliklə, yuxarıda göstərilən üsuldan istifadə etməklə, Siz hədəfə nail olaraq, üstəlik aşağıdakı imkanları əldə edirsiniz:
1. Yerləşdirdiyiniz əmanət üzrə ildə 100 manat əlavə qazanc əldə edirsiniz. Ümumilikdə 3 il ərzində 300 manat. Üstəlik 1,000 manat pulunuz cibinizdə qalır.
2. Bu məbləğ müqabilində ödədikcə yenilənən 950 manat həcmində limiti olan kredit kartını heç bir sənəd təqdim etmədən əldə edirsiniz.
3. Yuxarıda göstərilən misal üzrə əməliyyatdan dərhal 18 manat 80 qəpik bonus əldə edirsiniz ki, bu minimal bonus həcmidir. Kartın 3 illik istifadəsi dövründə bu məbləğ daha da çox olur.

Göstərilən nümunədən göründüyü kimi Siz nəinki Bankdan faizsiz kredit almış olursunuz, üstəlik Bank Sizə əlavə minimum 318,80 manatdan başlayaraq pul ödəmiş olur ki, bu da Sizin əməliyyat məbləğinin (940 manatın) 34% təşkil edir. Odur ki, Bankın təqdim etdiyi bu unikal imkandan faydalanmağa tələsin.


понедельник, 6 мая 2013 г.

İnsan qərarsızlıqdan daha çox itirir, nəinki yanlış qərardan

Bizim hər birimiz gündəlik həyatımızda müxtəlif qərarlar veririk. Bu qərarlarımız şəxsi həyatımız, iş həyatımız, öz pulumuz, başqalarının pulu, öz işimiz, başqalarının işi və digər mövzularda olur. Hər bir insanın verdiyi qərarlar onun bu günədək, oxuduqları, öyrəndikləri, gördükləri, götürdükləri, təcrübələri əsasında olur. Onlar əsasında qarşısına çıxan problemlər barədə dəyərləndirmə aparıb, qərar verir.

Qərar nə olursa olsun, bir qərarın olması, onun nəticəsinin düzgün və ya yanlış olmasından daha vacibdir. Çünki, yanlış qərar verəndə belə insan ən azından bir həyat təcrübəsi əldə etmiş olur. İnsan qərar verməklə onun nəticəsini müsbət və ya mənfi yaşayır. Təbii ki, mən demək istəmirəm nəticəsi mənfi olacağını, bilə-bilə qərar vermək lazımdır. Sağlam düşüncəli insan heç vaxt nəticəsinin yanlış olacağını bildiyi bir qərarı qəbul etməz. Qərarlar əsaslı və bütün məqamlar nəzərə alınmaqla verilməlidir. Ancaq insan hər hansı bir məsələ barədə qərarsız olduğu təqdirdə o nəinki, qərarının müsbət olacağı halda əldə edəcəklərindən məhrum olur, eyni zamanda o, həyat təcrübəsini yaşamaqdan da kənarda qalır.

Qərarsızlıq, durğunluqdur, 0 nöqtəsidir. Bu nöqtədə olmaq yanlışdır, irəliləmək, inkişaf etmək lazımdır. İnsan qərarsızlıqdan daha çox itirir, nəinki yanlış qərardan. Doğrudur qərar vermək asan deyil, xüsusilə də başqalarının pulu, başqalarının işi barədə qərar vermək daha çətindir. Amma bunun da yolları vardır ki, bunları üç qrupda ümumiləşdirmək istərdim:



Birinci qrup qərarı dəstəkləyici məlumatların mövcudluğu - Hər zaman, hər hansı bir məsələ barədə qərar verməmişdən öncə dəstəkləyici məlumatların olmasına diqqət yetirmək lazımdır. Yəni qərarı intuitiv vermək qərarın yanlış olma riskini artırır. Məsələn. deyək ki, işinizi dəyişmək istəyirsiniz və çalışacağınız şirkət və ya təşkilat barədə qərar verməlisiniz. Bu qərarı sadəcə mənim fikrimcə bu şirkət  yaxşıdır düşüncəsi əsasında yox, həmin şirkətin rəhbərliyi, orada olan iş mexanizmləri, işçilərə münasibət və təqdim edilən faydalar, şirkətin maliyyə məlumatları və s. barədə detallı məlumat toplayıb onları analiz edib, onun əsasında qərar vermək lazımdır.


İkinci qrup qərarların paylaşımı, müzakirəsi və təkmilləşdirilməsidir - Bir qayda olaraq əgər başqa şəxslər barədə qərar verilirsə həmin şəxslərlə onlar barədə verilməsi nəzərdə tutulan qərarların müzakirə olunması vacibdir. Onların fikirlərinin öyrənilməsi çox əhəmiyyətlidir. Bu verilmiş qərarın, onun icraçısı tərəfindən görüləcək işləri sahiblənməsi baxımından qaçılmazdır. Digər bir məsələ hər hansı sahə üzrə qərarlar verilirsə, o sahənin mütəxəssisləri ilə məsələnin müzakirə olunmasıdır. Müzakirələr zamanı qərar verən şəxs özünün ilk baxışda görmədiyi məqamları görüb, öz qərarını daha da təkmilləşdirə bilər.


Üçüncü qrup qərarlarda qətiyyətli olmaq, iradə və səbirlə nəticəyə doğru irəliləməkdir - Bu məqam da çox önəmlidir. Bəzən hər hansı qərar verərkən həmin anda yetərincə resurslarımız olmaya bilər. Həmçinin verilmiş bir qərarla bağlı, Sizi bu qərarınızda dəstəkləyənlərdən daha çox, yanlış düşündüyünüzü söyləyənlər, hətta Sizə mane olmağa çalışanlar belə olacaqdır. Ancaq hər zaman nəticəni fikrinizdə canlandırıb, verdiyiniz qərarın icrasında, iradəli olmaq lazımdır. Məhdud resurslar qərara maneə olmamalıdır, onları hər zaman tapmaq, cəlb etmək mümkündür. Verilmiş qərarlar nə qədər yüksək və qətiyyətli olarsa, məhdud resursların əhəmiyyəti o qədər aşağı olur.

Qərarsız olmayın, qətiyyət nümayiş etdirərək qərarlar qəbul edib, iradəli bir şəkildə hədəflərə doğru irəliləmək lazımdır. Səbirlə həmin qərara doğru irəlilədikdə uğur da hər zaman Sizinlə olacaqdır.

воскресенье, 5 мая 2013 г.

Milli Marketinq Forumu 2013 nə vədd edir?

Hörmətli Oxucular,

Bu gün yeni bloqumda ilk yazımı dərc edirəm. Mənim üçün çox sevindirici haldır ki, bu yazım Azərbaycanda İlk Milli Marketinq Forumu barədə olacaqdır. Forum 29-30 May 2013-cü il tarixlərində keçiriləcəkdir. Bu iki gün, gündəlik həyatımızın adi günləri, tariximizin şərəfli səhifələri olmaqla yanaşı, Azərbaycan Marketinq tarixində də iz qoyacaq günlər olacaqdır.

Təsadüfi deyil ki, Forum 3P adlanır. Problem, Praktika və Paylaşma sözlərini özündə əks etdirən bu ad, ümumikdə forumun məqsədini, proqramını və faydasını özündə əks etdirir. Forumda, bu gün Azərbaycan Marketinq sektorunda olan problemlər, onların səbəbləri, həm Marketoloqların, həmçinin də Sifarişçilərin baxış açısından analiz olunub, praktiki müzakirələr aparılacaq və çıxış yolları araşdırılacaqdır. İki gün ərzində forum iştirakçıları, Marketinq mütəxəssislərinin uğurlu layihələri və karyera yolları ilə tanış olub, onları öz təcrübələrində tətbiq etmək imkanı əldə edəcəkdirlər. Forum yeni tanışlıqlar üçün ideal bir imkandır.

Özəlliklə ayrıca bir başlıqda qeyd etmək istədiyim forumun 3-cü və ən önəmli P-sidir - Paylaşmaq. İçərisində yaşadığımız XXI əsrdə, bilik və təcrübələrlə paylaşmaq ehtiyacı və istəyi həyatımızın bir parçasına çevrilmişdir. Çünki, insanlar artıq daha çox başa düşürlər ki, paylaşmaqla digərlərinə faydalı olmaqla yanaşı, paylaşan şəxs, öz biliklərini də artırmaq imkanı əldə edir. Paylaşmaqla, yaşanan problemləri, nöqsanları daha tez və profesional çıxış yolları tətbiq etməklə həll etmək mümkündür. İlk Milli Marketinq Forumunda da, təcrübəli Marketoloqlar öz bilikləri və təcrübələri ilə, gənc Marketoloqların biliklərinin inkişafı və öz inkişafları üçün paylaşacaqlar.

Forumun təşkilati işləri tam gücü ilə davam edir. Elə bu gün (05.05.2013) FMR TV-də Forumun təşkilati işləri ilə bağlı maraqlı bir verliş çəkildi və tezliklə izləyicilərə təqdim olunacaqdır. Bütün təşkilatçılara bu gözəl inisativ üçün, sponsorlara, dəstək üçün öz təşəkkürümü bildirirəm. Milli Marketinq Forumu 2013-ün, Azərbaycan Marketinqinin inkişaf tarixində, uğurlu bir başlanğıc olmasını arzu edirəm.