İnsan qərarsızlıqdan daha çox itirir, nəinki yanlış qərardan

Bizim hər birimiz gündəlik həyatımızda müxtəlif qərarlar veririk. Bu qərarlarımız şəxsi həyatımız, iş həyatımız, öz pulumuz, başqalarının pulu, öz işimiz, başqalarının işi və digər mövzularda olur. Hər bir insanın verdiyi qərarlar onun bu günədək, oxuduqları, öyrəndikləri, gördükləri, götürdükləri, təcrübələri əsasında olur. Onlar əsasında qarşısına çıxan problemlər barədə dəyərləndirmə aparıb, qərar verir.

Qərar nə olursa olsun, bir qərarın olması, onun nəticəsinin düzgün və ya yanlış olmasından daha vacibdir. Çünki, yanlış qərar verəndə belə insan ən azından bir həyat təcrübəsi əldə etmiş olur. İnsan qərar verməklə onun nəticəsini müsbət və ya mənfi yaşayır. Təbii ki, mən demək istəmirəm nəticəsi mənfi olacağını, bilə-bilə qərar vermək lazımdır. Sağlam düşüncəli insan heç vaxt nəticəsinin yanlış olacağını bildiyi bir qərarı qəbul etməz. Qərarlar əsaslı və bütün məqamlar nəzərə alınmaqla verilməlidir. Ancaq insan hər hansı bir məsələ barədə qərarsız olduğu təqdirdə o nəinki, qərarının müsbət olacağı halda əldə edəcəklərindən məhrum olur, eyni zamanda o, həyat təcrübəsini yaşamaqdan da kənarda qalır.

Qərarsızlıq, durğunluqdur, 0 nöqtəsidir. Bu nöqtədə olmaq yanlışdır, irəliləmək, inkişaf etmək lazımdır. İnsan qərarsızlıqdan daha çox itirir, nəinki yanlış qərardan. Doğrudur qərar vermək asan deyil, xüsusilə də başqalarının pulu, başqalarının işi barədə qərar vermək daha çətindir. Amma bunun da yolları vardır ki, bunları üç qrupda ümumiləşdirmək istərdim:



Birinci qrup qərarı dəstəkləyici məlumatların mövcudluğu - Hər zaman, hər hansı bir məsələ barədə qərar verməmişdən öncə dəstəkləyici məlumatların olmasına diqqət yetirmək lazımdır. Yəni qərarı intuitiv vermək qərarın yanlış olma riskini artırır. Məsələn. deyək ki, işinizi dəyişmək istəyirsiniz və çalışacağınız şirkət və ya təşkilat barədə qərar verməlisiniz. Bu qərarı sadəcə mənim fikrimcə bu şirkət  yaxşıdır düşüncəsi əsasında yox, həmin şirkətin rəhbərliyi, orada olan iş mexanizmləri, işçilərə münasibət və təqdim edilən faydalar, şirkətin maliyyə məlumatları və s. barədə detallı məlumat toplayıb onları analiz edib, onun əsasında qərar vermək lazımdır.


İkinci qrup qərarların paylaşımı, müzakirəsi və təkmilləşdirilməsidir - Bir qayda olaraq əgər başqa şəxslər barədə qərar verilirsə həmin şəxslərlə onlar barədə verilməsi nəzərdə tutulan qərarların müzakirə olunması vacibdir. Onların fikirlərinin öyrənilməsi çox əhəmiyyətlidir. Bu verilmiş qərarın, onun icraçısı tərəfindən görüləcək işləri sahiblənməsi baxımından qaçılmazdır. Digər bir məsələ hər hansı sahə üzrə qərarlar verilirsə, o sahənin mütəxəssisləri ilə məsələnin müzakirə olunmasıdır. Müzakirələr zamanı qərar verən şəxs özünün ilk baxışda görmədiyi məqamları görüb, öz qərarını daha da təkmilləşdirə bilər.


Üçüncü qrup qərarlarda qətiyyətli olmaq, iradə və səbirlə nəticəyə doğru irəliləməkdir - Bu məqam da çox önəmlidir. Bəzən hər hansı qərar verərkən həmin anda yetərincə resurslarımız olmaya bilər. Həmçinin verilmiş bir qərarla bağlı, Sizi bu qərarınızda dəstəkləyənlərdən daha çox, yanlış düşündüyünüzü söyləyənlər, hətta Sizə mane olmağa çalışanlar belə olacaqdır. Ancaq hər zaman nəticəni fikrinizdə canlandırıb, verdiyiniz qərarın icrasında, iradəli olmaq lazımdır. Məhdud resurslar qərara maneə olmamalıdır, onları hər zaman tapmaq, cəlb etmək mümkündür. Verilmiş qərarlar nə qədər yüksək və qətiyyətli olarsa, məhdud resursların əhəmiyyəti o qədər aşağı olur.

Qərarsız olmayın, qətiyyət nümayiş etdirərək qərarlar qəbul edib, iradəli bir şəkildə hədəflərə doğru irəliləmək lazımdır. Səbirlə həmin qərara doğru irəlilədikdə uğur da hər zaman Sizinlə olacaqdır.

Comments

Popular posts from this blog

Səmimi hisslər gözəl sözləri, Gözəl sözlər səmimi hissləri yaradır

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Olduğun kimi yaşa