Səmimi hisslər gözəl sözləri, Gözəl sözlər səmimi hissləri yaradır

İnsan öyrəndikcə öyrənilən, hər zərrəsində dərin fəlsəfəsi olan bir məxluqdur. Allah insanı gözəl yaradıb. Ona nemətlərin ən yaxşısını bəxş edib. Bunların arasında ən gözəl nemətlərdən biri onun nitqidir. İnsan öz düşüncələrini sözlər vasitəsilə ifadə edir. Məlumatlar ötürüb ala bilir. Amma gəlin baxaq görək bu nemətdən biz nə dərəcədə yaxşı istifadə edirik.
İnsan həyatı keçməkeşlidir. Gün ərzində müxtəlif hadisələrə şahid oluruq. Sevinirik, kədərlənirik, qürurlanırıq, sevirik, sevilirik və s. Bütün bu hisslərimizi sözlərlə ifadə edirik. Ancaq lap qədim zamanlardan alimlər insanlara hisslərinə və sözlərinə diqqət etməyi tövsiyyə etmişdir. Sözlərə gündəlik istifadə etdiyimiz sadə bir alət kimi baxmaq olmaz. Hər şey biz düşündüyümüz qədər sadə deyil. Maraqlısı budur ki, bu gün bir çox insanların hissləri sözlərini formalaşdırır. Əslində isə sözlər hisslərdən daha güclü alətdir. Onlar hətta insan hisslərini formalaşdırmaq gücünə belə malikdir.
Sokrat sözlərə yanaşmasında maraqlı bir sistem təklif etmişdir. Bildirirdi ki, bir sözü deməmişdən əvvəl onu fikrinizdə üç süzgəcdən keçirin. Bu süzgəclər həqiqət, xeyirxahlıq, faydalılıqdır. Bu süzgəclərdən keçdiyi təqdirdə gün ərzində danışdığımız yalan sözlər, faydasız sözlər, insanlara və sizin özünüzə heç bir xeyri olmayan, xeyir gətirməyən sözlərdən xilas olmuş oluruq.
Hələ qədim zamanlardan alimlər aqresiv olanda, əsəbi olanda insanlarla danışmağı, sözlərdən istifadə etməyi tövsiyyə etmirdilər. Belə ki, bu vəziyyətdə dediyiniz sözlərlə insanlara xələl gətirə və
münasibətlərinizi korlaya bilərsiniz. Təbii ki, neqativ emosiyalardan xilas olmağın da ən yaxşı aləti sözlər olduğu üçün belə vəziyyətlərdə danışmaq lazımdır ancaq yaxşı olar ki, bunu cansız əşyalara doğru edəsiniz. Söz o qədər təsirli bir alətdir ki, hətta o əşyalara belə neqativ təsirini göstərəcəkdir.
Qədimdə insanlar təkmil kəsici alətləri olmadıqları üçün böyük ağacları kəsmək üçün bir araya toplanaraq ağaca qarşı pis, acı sözlər pıçıldayırmışlar. Bir müddət sonra ağac bu sözlərin təsirindən quruyurmuş və onlar zəifləmiş ağacı beləcə rahatlıqla doğrayırmışlar. Bu bir nağıl kimi görünür ancaq dünyanın təsadüf və sadə bir məkan olmadığını düşünən bir insan üçün sözlərin belə məhv edici təsirinə inanmaq çox asandır.
Sözlər insanı yaşadaraq, onu böyük uğurlara motivasiya da edə bilər, eyni zamanda insanı tamamilə məhv edərək depresiyaya da sala bilər. Bir çox hallarda insanlar pis vəziyyətlərdə olanda onlara daim gözəl sözlər deyən, onları motivə edən insanları arayırlar, onlarla görüşürlər. Çünki o insanlar dedikləri sözlərlə o acını müalicə edirlər.
Bu arada təbii ki, sözlərlə yanaşı o sözləri deyərkən keçirdiyiniz hisslər də təmiz və səmimi olmalıdır. Düşüncələr sözləri daha da güclü edir, onlara ülvi ruh verir. Bu da təsadüfi deyil belə ki, sözlərimiz bizim düşüncələrimizin libasıdır. Gözəl libas düşüncələri, gözəl düşüncələr onların libası olan sözləri daha da gözəl edir.

Comments

  1. Təşəkkür edirəm Sənan müəllim, çox maraqlı və öyrədici bir məqalədir.

    ReplyDelete
    Replies
    1. Sanar bey diqqətiniz və xoş sözləriniz üçün mən Sizə minnətdaram.

      Delete

Post a Comment

Popular posts from this blog

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Olduğun kimi yaşa