суббота, 5 декабря 2015 г.

Doğru müəyyən olunmuş hədəf uğurun yarısıdır

Sizcə əgər bir idmançı nail olmaq istədiyi hədəfi dəqiq görməsə o istədiyinə nail ola bilərmi? Düşünürəm ki, xeyir. Bir çox dünya çempionlarının müsahibələrini dinləyərkən açıq etiraf edirlər ki, hər zaman Dünya birincisi olub Azərbaycan bayrağını ucalara qaldırmaq istəmişəm deyirlər. Eyni yanaşma biznesə də aiddir. Maləsəf bir çox biznesmenlərin məqsədini soruşanda deyirlər "Məqsədimiz biznesimizi inkişaf etdirməkdir". Bunu Avropada hər hansı şirkət direktoru təsisçilər qarşısında desə onu dərhal işdən çıxararlar. İstər biznesinizdə 1 nfərə çalışsın, istərsədə 1000 nəfər bu cür məqsədlə çox uzağa getmək olmaz.

Bəs məqsəd necə formalaşdırılmalıdır ki, onlar mütləq icra olunsun?

Məqsəd mütləq S.M.A.R.T. olmalıdır. SMART məqsəd ingilis sözlərinin baş hərifləri olan Konkret (Specific), Ölçüləbilən (Measurable), İcrası mümkün (Achievable), Aktual (Relevant) və Müəyyən
zaman çərçivəli (Time bound) olmalıdır. Məhz bu sistemlə məqsədlərə yanaşma real nəticələr əldə edəcəyiniz məqsədlərinizi Sizin arzularınızdan fərqləndirir.

Konkretlik. Doğru məqsəd hər zaman konkret olmalıdır. Məs. Ümumi 50,000 azndən az olmayaraq satış edəcəyimiz 2 korporativ müştəri cəlb etmək. Siz konkret məqsədə hədəfləndiyiniz an, bu məqsəd, onu icra etmək üçün resurs cəlb etməyə başlayır. Siz düşünürsünüz, beyin başlayır işləməyə və potensial müştəriləri araşdırırsınız və s.. Hətta bütün kainat belə Sizə dəstək olur ki, konkret hədəfə çatasınız.

Ölçüləbilərlik. Ölçülməsi mümkün olmayan məqsəd, nəticəsi olmayan yarışa bənzəyir. Təsəvvür edin ki, qaçış üzrə yarış keçirilir. Hər kəs qaçıb finişə çatır ancaq nəticələri ölçmə kriteriyası yoxdur. O zaman heç o yarışın mənası da qalmır. Eləcə də biznesdə konkret rəqəm əsaslı ölçü kriteriyası olmalıdır ki, Siz hansı nəticələrə gəlib çatmalısınız. Sizin uğur kriteriyanız nə olacaqdır və bunu mütləq bütün çalışanlar bilməlidir ki, hər kəs həmin hədəfə doğru getsin və özünü qiymətləndirə bilsin.

İcrası mümkünlük. Çox önəmli kriteriyalardan biridir. Bir çox hallarda sahibkarlar özlərinə qeyri real hədəflər müəyyən edirlər. Məs. aylıq 1 mln gəlir əldə etmək. Mən demirəm ki, arzu etmək pisdir və ya belə böyük arzular olmaması lazımdır xeyir. Ancaq biz nəticə əldə etmək istəyiriksə və bu gün aylıq 5-10 min gəlir həcmimiz varsa növbəti addımı hədəf almaq olar məs. aylıq 100 min gəlir həcmi və s.  Böyük arzular etmək və göylərdə uçmaq olar ancaq gərək bir ayağın da yerdə olsun.

Aktuallıq. Bu mövcud vəziyyətə uyğunluqdur. Yəni məsələn bu dəqiqə bazarda krizisdir. İnsanların alıcılıq qabiliyyəti aşağıdır. Belə olan halda əvvəlki hədəflərlə davam etmək və yüksək hədəfləri saxlamaq doğru deyildir. Mövcud vəziyyətə uyğun hədəflər müəyyən olunmalıdır. Hədəflər aktual olmalıdır. Əgər hətta krizisə baxmayaraq əvvəlki hədəflər saxlanılırsa bunun aktuallığını əsaslandıran arqumentləriniz olmalıdır və mütləq bu komandanın diqqətinə çatdırılmalıdır. Bunu etmək lazımdır ki, komanda "Bu krizis vaxtı belə hədəflər olar?" deyə Sizin mövqeyi arqumentasiya etməsinlər.
Zaman çərçivəli olması. Biznes hədəflər əgər onların son icra tarixi yoxdursa icra olunmur. Bütün növ hədəflər biznesin həcminin 20% artırılmasından tutmuş, 5 yeni korporativ müştərinin cəlb olunması olsun hər bir hədəf vaxt məhdudiyyətli olmalıdır. Ən azından icra vaxtı yetişəndə nəticələri araşdırmaq üçün bu vacibdir.

Nümunə hədəf.

Doğru müəyyən olunmuş məqsəd necə olmalıdır? Məsələn: "31 Mart 2016-cı il tarixinədək ümumi satış həcmi 50,000 manatdan az olmamaqla Bakı şəhərində Sığorta sektorunda çalışan 2 yeni korporativ müştəri cəlb etmək" Gördüyünüz kimi hədəf təyin olunmuş insana fəaliyyət istiqaməti verir. Qlobal hədəf müəyyən olunduqdan sonra təbii ki, onu xırda hədəflərə bölüb icra etmək lazımdır. Yəni məs. 1. Sığorta şirkətlərinin siyahısını tərtib etmək, 2. Yaxın əlaqələrimiz olan sığorta şirkətlərini prioritetləndirmək. 3. Sabah üçün görüşlər təyin etmək və s.

SMART hədəflərlə irəliləyin ki, SMART nəticələr əldə edəsiniz!

Комментариев нет:

Отправка комментария