пятница, 29 января 2016 г.

Şəbəkə Marketinqi fırıldağı

Bir çox insanlar, xüsusilə də Azərbaycanda maləsəf Şəbəkə Marketinqini fırıldaq, piramida və s. kimi sözlərlə assosiasiya edirlər. Əslində isə Şəbəkə Marketinqi çox effektiv satışın motivasiyası alətlərindən biridir.
Bəs görəsən bu sistem nə zamandan yaranıb?
Şəbəkə Marketinqi Karl Renborqun adı ilə bağlıdır. XX əsrin əvvəllərində o qida əlavələrinin hazırlanması ilə məşğul olurdu. Bir çox insanlar qida əlavələri almaq üçün onun yanına gəlir, sullar verirdilər. Karlın öz zaman resursları kifayət etmədiyi üçün o dostlarından kömək istəyir və müştərilərinə qida əlavələri ilə bağlı məlumat verməyi xahiş edir. Bunun əvəzində də onlara satılmış mallara görə komisyon ödəyir. Sonra dostlarının dostlarına da eyni qazanc imkanlarını təklif edir. Beləliklə 1934-cü ildə Karl Renborq Şəbəkə sistemi ilə çalışan "California Vitamins" şirkətini yaradır. Bu şirkətdə tətbiq etdiyi sistem sayəsində qida əlavələrinin istifadəçiləri həmçinin onun distributerinə çevrilirdi. Bununla da şirkət reklama 1 qəpik də xərcləmədən qısa zamanda 7 mln dollarlıq dövriyyəyə nail oldu. Sonradan elə bu şirkətdə çalışmış  şəxslər tərəfindən bir sıra şəbəkə sistemi ilə çalışan yeni şirkətlər yarandı. Onların sırasında bu gün də uğurla fəaliyyət göstərən "AMWAY" şirkəti də vardır.
Şəbəkə Marketinqi sisteminin üstünlüyü ondan ibarətdir ki, burada istehlakçı ilə istehsalçı arasında bütün vasitəçilər aradan qalxmış olur. İstehsalçı öz məhsulunu birbaşa istehlakçıya çatdırır. Reklam etməyə ehtiyac olmur və məhsul istifadəçiləri onu tövsiyyə edənlərə çevrilirlər. Təbii ki, bu tövsiyyələri müqabilində də müəyyən gəlir əldə edirlər.
Bir çox insanlarda Şəbəkə Marketinqi barəsində yanlış təsəvvürün yaranmasının səbəbi bu işin hər kəs üçün olmaması ilə əlaqədardır. Necəki hər kəs həkim ola bilmir, hər kəs müəllim ola bilmir eləcədə hər kəs şəbəkəçi (Networker) ola bilməz. Digər qeyd etdiyim bütün sənətlərdə olduğu kimi şəbəkə marketinqi də bir işdir və bu sahədə profesional olmaq üçün əzm, iradə və məqsədyönlülük tələb olunur. Şəbəkə Marketinqi havayı pul qazanıb, heç bir iş görmədən tez bir zamanda milyonlara sahib olmaq istəyən insanlar üçün deyil. Əslində bu sistemin bir fırıldağ olduğunu düşünənlər də elə heç bir iş görmədən tez bir zamanda havayı pul qazanmaq istəyən insalardır.
Təbii ki, şəbəkə sistemi ilə öz məhsullarının satışını həyata keçirən şirkətlərin də heç də hamısı "mələk" deyil. Bu sistemin imkanlarından sui istifadə edib maliyyə piramidaları qurub insanları aldadan şirkətlər də az deyil. Ancaq buna görə bütün şirkətləri də yalançı adlandırmaq olmaz.
Bu gün dünyada 190-dan çox ölkədə 6000-dən çox şəbəkə marketinqi sistemləri ilə işləyən şirkətlər var. Yaponiyada məsələn 2 mlndan artıq distributor 30 mlrd dollardan artıq dəyərdə malları şəbəkə sistemləri üzərindən realizə edib yüksək məbləğlərdə pullar qazanırlar.
Şəbəkə marketinqi ilə işləyən şirkət seçərkən şirkətin reputasiyasına diqqət etmək lazımdır. Bu əslində sistemin uğurunda əsas faktorlardan biridir. Diqqət etmək lazımdır ki, şirkət yaradıldığı ölkədə rəsmi qeydiyyatdan keçmiş olsun, hər hansı offshore zonlarda yaradılmış biri olmasın. İkinci vacib məsələ şəbəkə marketinqi modelinin özüdür. Sistemin gəlir imkanları və dayanıqlılığını dəyərləndirmək lazımdır. Şəbəkə sistemi ilə profesional məşğul olan şəxs çox gözəl kommunikasiya bacarıqları ilə yanaşı, satış bacarıqlarına yiyələnir.
Azərbaycanda müxtəlif dövrlərdə müxtəlif şəbəkə sistemi ilə çalışan yerli və beynəlxalq şirkətlər olub. Bu gün də var. Onların bir çoxunun, xüsusilə bu şirkətlərdə çalışanların yanlışı, satış zamanı verdikləri məlumatları, sistemin gəlir imkanlarını həddindən artıq şişirtmələri və şəbəkə işini əziyyətsiz bir iş olaraq qələmə vermələridir. Nəticədə insanların düşüncəsində əziyyətsiz yüksək gəlir əldə etmə tələbi yaradırlar. Sonradan bu tələbi təbii olaraq ödəyə bilmədikləri üçün onlar düşünürlər ki, bu iş bir fırıldaqdır və burda pul qazanmaq mümkün deyil.
Azərbaycanda Bank sektorunda şəbəkə sistemini ilk dəfə mən tətbiq etmişəm. Bu 2008-ci ildə krizis dönəmində Rabitəbankda tətbiq edilmiş "Dost"depoziti (http://rabitabank.com/az/private_clients/contributions/fri_end) olmuşdur. Günəş sistemi ilə çalışan bu şəbəkədə mexanizm belə idi ki, müştəri Dost depozitində məsələn 200 azn pul yerləşdirirdi illik 10%-lə. Sonra o öz dostuna tövsiyyə edərdisə və o da Bankda məsələn 10 000 azn pul yerləşdirərdisə gələn depozit Dost depozitinə bölünər yəni 10 000 / 200 = 50 alınan rəqəm gəlirdi dost depoziti sahibinin faizinin üzərinə yəni 50 + 10% = 60% müştərinin faizi olurdu illik 60%. Gələn məbləğ 100 000 azn olardısa bu edir 500 gəlirdi müştərinin faizinin üzəinə və olurdu 510%. Beləliklə Dost depoziti sahibi Banka depozit cəlb etməklə 200 manat depozitlə aylıq 200, 500, 1000 azn pul qazana bilərdi. Yəni sloqanda da deyildiyi kimi Depozitin faizlərini artıq Bank yox müştəri özü artırırdı. Bu depozit sayəsində Bank çox qısa zamanda böyük həcmdə depozit cəlb etməyə müvəffəq olmuşdu. Odur ki, bu sistemlər çox effektivdir və çox yaxşı nəticələr əldə etmək mümkündür. Bunu istər şəbəkə marketinqi ilə məhsullarını satan şirkətlər, istərsədə bu sistemin bir parçası olaraq çalışan insanlar edə bilər.

четверг, 21 января 2016 г.

Azersun Holdinq baredə həqiqətlər

Azərsun Holdinq barədə son günlərdə mətbuatda səslənən qərəzli məlumatları oxuduqca, xüsusilə bu fikirləri dövlət nümayəndələrinin dilindən eşitmək xüsusilə təəssüf hissi doğurur. Bu şirkətdə çalışmış və dəfələrlə Abdolbari bəylə görüşlərdə iştirak etmiş və onun fikirlərini dinləmiş bir insan kimi deyə bilərəm ki, bu şirkət deyilənlərin heç birinə layiq deyil. Azersun Holdinq Azərbaycan qida sektorunu qurub yaradan, bu sektorda keyfiyyət standartları müəyyən edən nadir şirkətlərdəndir. Bir çoxları kimi Azərsun bütün satışını hazır məhsulların müxtəlif ölkələrdən gətirilməsi ilə müxtəlif xarici ölkələrə xeyir vermək əvəzinə mümkün qədərində ölkə daxilində istehsalın təşkil olunması və bununla nəinki yerli istehsalın stimullaşdırılması eyni zamanda yeni iş yerlərinin yaradılması insanların işlə təmin olunmasına çalışmışdır.Azərsun Holdinqdə iş mühiti, işçiyə münasibət bir başqa mövzudur. Bu sahədə bir çox şirkətlərə nümunə ola biləcək şəkildə təşkil olunmuşdur. Bunun nəticəsidir ki, bu gün Azərsun məktəbini keçmiş bir çox yüksək səviyyəli profesional insanlar iri həcmli şirkətlərdə, müxtəlif biznes sahələrində çalışırlar. Bu şirkətdə hər zaman çalışanlara qarşı ədalətli münasibət olmuşdur. Mənim şəxsən bu günədək çalışdığım şirkətlər arasında işləyən, çalışqan insana qarşı hər zaman diqqət və qayğısı ilə seçilən ən dəyərli şirkətlərdən biri, bəlkədə birincisi olmuşdur Azersun Holdinq. Bu şirkətdə ən böyük məktəblərdən biri də elə şirkətin rəhbəri Abdolbari Goozal beyin öz sözləri, şirkət toplantıları zamanı dediyi dəyərli fikirləridir. Hər zaman xatırladığım dəyərli fikirlərdən biri Abdolbari bəqin qeyd etdiyi və Azərsun fəlsəfəsinin əsasında dayanan 3 əsas sütun ifadələrdir ki, bunlar İnam, İnam və İnamdır. Həqiqətən də inam olmayan yerdə nə keyfiyyətdən, nə etibardan, nə də nəticədən danışmaq olar. Bunun üçün də inam və bunun əsasında duran dürüstlük Azərsun fəlsəfəsinin təməl sütunlarındandır. Dürüstlük, sədaqət və çalışqanlıq nümayiş etdirən insanın Azersundan öz iradəsi olmadan ayrılması mümkün deyildir. Bu şirkət daxilində gördüyüm və dəyər verdiyim digər prinsip ədalət prinsipidir. Təbii ki, on minə yaxın işçisi olan böyük bir şirkət olduğu üçün ədaləti hər zaman hər yerdə təmin etmək, hər hansı ədalətsizlikləri dərhal görmək mümkün olmaya bilər. Ancaq hər hansı işçiyə qarşı kimliyindən aslı olmayaraq ədalətsiz mövqe nümayiş etdirən biriləri olardısa istər yerli, istərsədə xarici mütəxəssis olsun onun şirkətdə qalması mümkün deyildi.
Abdolbari bəyin qeyd etdiyi və hər zaman mənim də ondan nəql etdiyim maraqlı bir hekayəsi də vardır. O bildirirdi ki, hər kəs gərək işini ürəkdən görsün, hətta belə bir səviyyədə misal çəkirdiki əgər mən bir hambal işləyəsi olsam, çalışaram ki, ən yaxşı hambal olum, insanlara yaxşı xidmət edim ki, biri öz yükünü daşımaq istəsə məni çağırsın, mənə müraciət etsin. Həqiqətən də hansı işdən aslı olmayaraq harada olsan gərək öz işini keyfiyyətli bir şəkildə görəsən insanlara maksimum qayğı ilə yanaşasan. O zaman uğur qazanmaq mümkün olar. Məhz bunun nəticəsidir ki, Abdolbari bəy bir neçə dəfə müflis olmaq səviyyəsinə gəlsə belə yenə ayağa qalxmış və böyük bir holdinqi yenidən qurmuşdur.
O ki, qaldı istehsal olunan məhsullara və onların keyfiyyətinə şəxsən mənim bunda heç bir şübhəm yoxdur. Mən də ailəm də Azersun mallarından istifadə edirik və keyfiyyətindən də məmnunuq. Qərəzli yazılarla çıxış edənlərə isə demək istərdim ki, etnik Azərbaycanlı olmayaraq Abdolbari bəyin etdiyinin heç olmasa onda birini Siz edin, bu işin necə çətin olduğunu görün onda əmin olun ki, heç özünüz tənqid etməyə utanıb çəkinəcəksiniz.

воскресенье, 10 января 2016 г.

1981 - 1986-ci illər arası dünyaya gəlmiş əfsanəvi nəsil

Bu illər arasında dünyaya gələn və bu gün 30-35 yaşlar aralığında olan nəsil bilik, dünya görüşü və köhnə vasitələrdən, yeni texnoloji vasitələrə keçidlər baxımından digərlərindən fərqlənir. Məhz bu nəsil ölkəmizin sabahında, bu gün mövcud olmayan orta təbəqəni, orta nəsli formalaşdıracaqdır. Bu yazımda mən bu nəslin uşaqlıqdan bu günə gördükləri, yaşadıqlarını və gələcəkdə görəcəkləri barəsində təxminlərimi yazacağam. Mən özüm də taleyin hökmü ilə bu aralıqda anadan olduğum üçün məqalədə "bizim nəsil" ifadəsindən çox istifadə edirəm.
Birinci onu qeyd edim ki, bizim uşaq vaxtlar oynadığımız oyuncaqlar və oyunlar fərqli idi. Bizim bu günkü inkişafımızda və dünyaya baxışımızda onların rolu az deyil. Oyuncaqların (samakat, raqatka, rezinli avtomatlar və s.) əksəriyyətini elə özümüz düzəldərdik. Bu samakatı bu gün uşaqlığını yaşayan övladımıza düzəldib sürməsini istəsən, deyər nəyimə lazımdır. Ondansa mən PlayStore, Apple store-dən maraqlı oyunlardan köçürüb oynayaram. Bizim uşaqlığımızda bu cür oyuncaqları düzəldib sürməklə sanki insan olaraq ilkin yaradılışımıza daha yaxın idik. Məhz bunlar sayəsində biz müxtəlif əyləncə və məqsədlərə çatmaq üçün alətləri öz əllərimizlə, öz düşüncələrimizlə yaratmaqla düşünmə, yaratma yetənəyinə sahiblənirdik. Bəlkədə bundandır ki, bu gün avropalı və amerikalı gənclərə məktəblərdə, universitetlərdə daha aktiv öyrətməyə başlanılan bacarıqları, bu oyuncaqlar bizə 90-larda öyrədirdi. Onun üçün bu illərdə dünyaya gəlmiş əfsanəvi nəsil xarici universitetlərdə MBA oxumadan belə bir çox MBA təhsillilərdən daha yaxşı biznes problemlərinə həllər yarada bilir. 
Oynadığmız oyunlar da fərqli idi. Daha çox ünsiyyət, daha çox kollektivlik var idi o oyunlardan.
Tərəf yoldaşlarımız bu günkü uşaqlarda olduğu kimi iPad, mobil telefonlar, komputerlər deyil real uşaqlar idi. Bu gün övladlarımızın səhər yuxudan durandan axşama kimi texniki avadanlıqlar qarşısında olmaları, onlarla dostluq etmələri sabah onlar üçün ünsiyyət, dostluq və digər dəyərlər barəsində tamam yanlış fikirlərin və vərdişlərin formalaşmasına gətirib çıxaracaqdır. Qaçdı-tutdu, ənzəli, bənövşə, ortadaqaldı, gizlənpaç, küçə futbolu və digər bu kimi maraqlı oyunlar bizə yeni real dostlar qazandırırdı. Bu oyunlar əsnasında qazanılmış dostluqlar bu günədək davam edən möhkəm və dayanıqlı dostluqlardır.

Bizim nəsil həmçinin uğurla keçid dövrünü yaşamışdır. Bu günün texnoloji imkanlarını daha yaxşı şəkildə mənimsəyərək onlardan gündəlik həyatında aktiv istifadə edirik. Bizim uşaqlar 1.44 Mb həcmində disketi, lentli kasetləri muzey ekspanatı olaraq qəbul edirlər. Bu günün informasiya əsrində 1.44 Mb-ta nə yerləşdirmək olar ki? Ancaq biz məmnuniyyətlə bu həcmlərdən də istifadə etmişik həmçinin bu gün mövcud olan Gbaytlarla ölçülən həcmlərdə flash kartlardan, hard disklərdən və sabahın texnologiyası olan bulud həllərdən də istifadə edirik. Əminəm ki, gələcək nəsillər üçün sərt formada daşıyıcılar da bulud texnologiyaların inkişafı ilə nağıl kimi gələcək.
Bir müddət öncə radioda maraqlı bir anons yadıma düşdü. Məhz bu dövrün insanlarına xitab etmək
üçün "karandaşla audio kaseti nə birləşdirir?" sualına cavab bilənlər üçün təqdim edilən verlişin anonsu yadıma düşdü. Bu suallar gənc nəsil və gələcək nəsillərin soruşub öyrənmələri üçün bir tarix olsada bizim nəsil üçün bu yaşadıqları reallıqdır. Biz ağ-qara, kanalları manual dəyişən televizorlardan rəngli, pultla, hətta bu gün əl hərəkətləri ilə idarə olunan, birbaşa internetə çıxışı olan televizorlara keçid almışıq və buna uğurla adaptasiya edirik.
Bu gün video və foto çəkiliş imkanları olmayan telefonlar gənc nəsil üçün qəribə gəlir. Heç onu telefon olaraq qəbul etmirlər. Bizim vaxtlarda SMS-lə "salam" yazıb göndərmək üçün telefonun 5 düyməsini həriflərin yerləşməsindən asılı olaraq 10 dəfə (4 dəfə 7, 1 dəfə 2, 3 dəfə 5, 1 dəfə 2, 1 dəfə 6-nı) basardıq. SMS yazmaq əməlli əziyyətli bir proses idi. Bu gün SMS yazmaq birinci asandır və onu da nadir hallarda bizim dövrün adamları yazır, ikincisi SMS belə bizim gözümüz qarşısında Whats up-ın istifadəsi ilə tarixə qarışır.
Bizim dövrün gənclərinin bir xüsusiyyəti də vardır ki, bu inkişaf yolunu keçməklə yanaşı, hər gün dəyişən və işıq sürəti ilə inkişaf edən həyatı yaşayaraq kəşf olunan yenilikləri də görmə imkanımız vardır. Bu yeniliklərin bir çoxu bizim tərəfimizdən yaradılır və yaradılacaqdır. Bizimlə bir dövrdə dünyay gələnlərin, istər komputer texnologiyaları sayəsində, istərsə elektrik enerjisi ilə çalışan avtomobillər, kosmosun fəthini belə yaşayacağını və bu innovasiyaların yaradıcısı olacağını düşünürəm. Sabah bizim yaşıdların bu gün mövcud olan şirkətlərə daha çox rəhbər olduğu dövrdə inkişafın da daha sürətli gedəcəyinə inanıram.