1981 - 1986-ci illər arası dünyaya gəlmiş əfsanəvi nəsil

Bu illər arasında dünyaya gələn və bu gün 30-35 yaşlar aralığında olan nəsil bilik, dünya görüşü və köhnə vasitələrdən, yeni texnoloji vasitələrə keçidlər baxımından digərlərindən fərqlənir. Məhz bu nəsil ölkəmizin sabahında, bu gün mövcud olmayan orta təbəqəni, orta nəsli formalaşdıracaqdır. Bu yazımda mən bu nəslin uşaqlıqdan bu günə gördükləri, yaşadıqlarını və gələcəkdə görəcəkləri barəsində təxminlərimi yazacağam. Mən özüm də taleyin hökmü ilə bu aralıqda anadan olduğum üçün məqalədə "bizim nəsil" ifadəsindən çox istifadə edirəm.
Birinci onu qeyd edim ki, bizim uşaq vaxtlar oynadığımız oyuncaqlar və oyunlar fərqli idi. Bizim bu günkü inkişafımızda və dünyaya baxışımızda onların rolu az deyil. Oyuncaqların (samakat, raqatka, rezinli avtomatlar və s.) əksəriyyətini elə özümüz düzəldərdik. Bu samakatı bu gün uşaqlığını yaşayan övladımıza düzəldib sürməsini istəsən, deyər nəyimə lazımdır. Ondansa mən PlayStore, Apple store-dən maraqlı oyunlardan köçürüb oynayaram. Bizim uşaqlığımızda bu cür oyuncaqları düzəldib sürməklə sanki insan olaraq ilkin yaradılışımıza daha yaxın idik. Məhz bunlar sayəsində biz müxtəlif əyləncə və məqsədlərə çatmaq üçün alətləri öz əllərimizlə, öz düşüncələrimizlə yaratmaqla düşünmə, yaratma yetənəyinə sahiblənirdik. Bəlkədə bundandır ki, bu gün avropalı və amerikalı gənclərə məktəblərdə, universitetlərdə daha aktiv öyrətməyə başlanılan bacarıqları, bu oyuncaqlar bizə 90-larda öyrədirdi. Onun üçün bu illərdə dünyaya gəlmiş əfsanəvi nəsil xarici universitetlərdə MBA oxumadan belə bir çox MBA təhsillilərdən daha yaxşı biznes problemlərinə həllər yarada bilir. 
Oynadığmız oyunlar da fərqli idi. Daha çox ünsiyyət, daha çox kollektivlik var idi o oyunlardan.
Tərəf yoldaşlarımız bu günkü uşaqlarda olduğu kimi iPad, mobil telefonlar, komputerlər deyil real uşaqlar idi. Bu gün övladlarımızın səhər yuxudan durandan axşama kimi texniki avadanlıqlar qarşısında olmaları, onlarla dostluq etmələri sabah onlar üçün ünsiyyət, dostluq və digər dəyərlər barəsində tamam yanlış fikirlərin və vərdişlərin formalaşmasına gətirib çıxaracaqdır. Qaçdı-tutdu, ənzəli, bənövşə, ortadaqaldı, gizlənpaç, küçə futbolu və digər bu kimi maraqlı oyunlar bizə yeni real dostlar qazandırırdı. Bu oyunlar əsnasında qazanılmış dostluqlar bu günədək davam edən möhkəm və dayanıqlı dostluqlardır.

Bizim nəsil həmçinin uğurla keçid dövrünü yaşamışdır. Bu günün texnoloji imkanlarını daha yaxşı şəkildə mənimsəyərək onlardan gündəlik həyatında aktiv istifadə edirik. Bizim uşaqlar 1.44 Mb həcmində disketi, lentli kasetləri muzey ekspanatı olaraq qəbul edirlər. Bu günün informasiya əsrində 1.44 Mb-ta nə yerləşdirmək olar ki? Ancaq biz məmnuniyyətlə bu həcmlərdən də istifadə etmişik həmçinin bu gün mövcud olan Gbaytlarla ölçülən həcmlərdə flash kartlardan, hard disklərdən və sabahın texnologiyası olan bulud həllərdən də istifadə edirik. Əminəm ki, gələcək nəsillər üçün sərt formada daşıyıcılar da bulud texnologiyaların inkişafı ilə nağıl kimi gələcək.
Bir müddət öncə radioda maraqlı bir anons yadıma düşdü. Məhz bu dövrün insanlarına xitab etmək
üçün "karandaşla audio kaseti nə birləşdirir?" sualına cavab bilənlər üçün təqdim edilən verlişin anonsu yadıma düşdü. Bu suallar gənc nəsil və gələcək nəsillərin soruşub öyrənmələri üçün bir tarix olsada bizim nəsil üçün bu yaşadıqları reallıqdır. Biz ağ-qara, kanalları manual dəyişən televizorlardan rəngli, pultla, hətta bu gün əl hərəkətləri ilə idarə olunan, birbaşa internetə çıxışı olan televizorlara keçid almışıq və buna uğurla adaptasiya edirik.
Bu gün video və foto çəkiliş imkanları olmayan telefonlar gənc nəsil üçün qəribə gəlir. Heç onu telefon olaraq qəbul etmirlər. Bizim vaxtlarda SMS-lə "salam" yazıb göndərmək üçün telefonun 5 düyməsini həriflərin yerləşməsindən asılı olaraq 10 dəfə (4 dəfə 7, 1 dəfə 2, 3 dəfə 5, 1 dəfə 2, 1 dəfə 6-nı) basardıq. SMS yazmaq əməlli əziyyətli bir proses idi. Bu gün SMS yazmaq birinci asandır və onu da nadir hallarda bizim dövrün adamları yazır, ikincisi SMS belə bizim gözümüz qarşısında Whats up-ın istifadəsi ilə tarixə qarışır.
Bizim dövrün gənclərinin bir xüsusiyyəti də vardır ki, bu inkişaf yolunu keçməklə yanaşı, hər gün dəyişən və işıq sürəti ilə inkişaf edən həyatı yaşayaraq kəşf olunan yenilikləri də görmə imkanımız vardır. Bu yeniliklərin bir çoxu bizim tərəfimizdən yaradılır və yaradılacaqdır. Bizimlə bir dövrdə dünyay gələnlərin, istər komputer texnologiyaları sayəsində, istərsə elektrik enerjisi ilə çalışan avtomobillər, kosmosun fəthini belə yaşayacağını və bu innovasiyaların yaradıcısı olacağını düşünürəm. Sabah bizim yaşıdların bu gün mövcud olan şirkətlərə daha çox rəhbər olduğu dövrdə inkişafın da daha sürətli gedəcəyinə inanıram. 

Comments

Popular posts from this blog

Səmimi hisslər gözəl sözləri, Gözəl sözlər səmimi hissləri yaradır

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Olduğun kimi yaşa