Azərbaycan insanı nə üçün təlimlərə getmir, kitab oxumur?

Artıq 3 ildən çoxdur ki, təlim sektorunda BMG International şirkəti olaraq fəaliyyət göstəririk. Çoxsaylı həm ödənişli, həm də ödənişsiz təlimlər keçirmişik. Bu günədək keçirdiyimiz təlimlərin əksəriyyəti korporativ təlimlər olub. Yəni şirkətlər pulunu ödəyib və işçilərini təlimlərə göndərib. Bir çoxları hətta bu halda belə iş yerində rəhbərlik tərəfindən söz gəlməsin deyə təlimə gəlib iştirak ediblər. Azərbaycan gəncinin və ümumilikdə insanının öz cibindən pul verib gəlib təlimdə iştirak etməsi çox nadir rast gəlinən bir haldır. Çox rast gəlmişəm ki, gedib 150 manat son pulunu verib restoranda oturub dostlarla yeyib içir. Ancaq 50 manatı öz inkişafı üçün verib təlimdə iştirak etmir. Həmçinin bizim millət eyni səbəblərdən kitab oxumağı da sevən deyil. Bəs görəsən bu səbəblər nədir? Niyə Azərbaycanda müvəqqəti, ötüb keçən və heç bir faydası olmayan şeylərə pul verib, inkişafa səbəb olan təlimlərə, kitablara maraq göstərilmir?
Bu məsələni araşdırmaq üçün mən bir çox gənclərlə, tanıdığım insanlarla danışdım, səbəbləri araşdırmağa çalışdım. Eyni zamanda bu günədək həyata keçirdiyim təlimlərdə iştirak edənlərin geri dönüşlərini, həmçinin öz təcrübələrimi bir araya toplayıb analiz edib bu yazıda Sizinlə bölüşmək istərdim.
Elə bu dəqiqə mən bu yazını yazarkən yoldaşım arxada oğlumu otuzdurub kitabın arxasında şeir əzbərlətdirir. İki dəqiqədən bir özü də təəccüblə "Belə şeir olar. Bu nə qəribə şeirdir. Qafiyələri də bir birinə uyğun gəlmir" deyib şikayət edir. Uşaq da əziyyətlə şeiri təkrar edir. Yəni biz uşaqda indidən kitaba qarşı nifrət yaradırıq. Bizi və milyonlarla Azərbaycan gəncini də belə öyrədiblər deyə kitaba düşmən kimi baxırıq. Yəni birinci problem bizim valideyin, uşaq və kitab üçbucağındadır.  Bir çoxları bunu oxuyanda deyəcəklər xeyir birinci problem bizim təhsil sistemindədir ki, belə kitabları yazır və uşaqlarımızı orada yazılanları əzbərləməyə vadar edir. Ancaq düşünürəm ki, nəsə yanlış ola bilər ancaq onu seçmək və tətbiq etmək bizim qərarımız daxilindədir deyə məsələ bizim yanaşmadadır. Kitabın faydasını uşağa aşılamaq sevdiyi kitabları oxumağa şərait yaratmaq lazımdır.
İkinci problem yuxarıda da qeyd etdiyim kimi bizim təhsil sistemindədir. Maləsəf təhsil sistemi fayda əsasında deyil, əzbərçilik əsasında qurulub. Bir çox hallarda nəyisə oxuyub, dərk edərək yadda saxlamaq əvəzinə, əzbərləyib gəlib danışmağa yönlənib bizdə təhsil. Bu bizim oxuduğumuz dövrdə də belə olub, bu gün də maləsəf belə davam edir. Hal-hazırda məktəblərimizdə tətbiq olunan kurikulum sistemi də uşaqları o qədər yükləyir ki, bu səviyyədə məlumat əldə etmək uşağın nəyinə lazımdır başa düşmək olmur. Bu qədər informasiyanı uşağın yadda saxlaması üçün professor olması lazımdır. :) Əzbərçiliyin nəticəsi olaraq da 11-ci sinifə gəlib çatdıqda Test Bankında olan sualları həll edib əzbərləyib gəlib test imtahanı verib Universitetə qəbul olmalısan. Düşünürəm ki, gec tez bu test
sistemi ləğv olunacaqdır. Çünki bu tipli biliyin qiymətləndirmə sistemi təhsilimizin ən böyük bəlasıdır. Test əsasında qiymətləndirmə aparmaq olar ancaq bu qiymətləndirmə digər şifahi, yazılı (inşa) və digər formalarla kombinə olunaraq gəncin biliklərinin dəyərləndirilməsini daha da effektivləşdirəcəkdir. Məhz bu çatışmazlığın nəticəsidir ki, testdən 600 bal toplayıb universitetə qəbul olan şəxs, işlə bağlı müsahibəyə gəlir 5 cümləni birləşdirib özünü təqdim edə bilmir. Halbuki Universitetə daxil olmaq deyil, onu qazanmaq üçün özünü, məqsədlərini doğru formada təqdim etməyi öyrənmiş olsaydı, İşini də qazanmaq üçün özünü doğru formada təqdim edə bilərdi.
Bu formada təhsil sistemindən keçən insanlar tənbələşir, oxuyub öyrənib nəticə çıxarmaq əvəzinə passiv inkişafa üstünlük verirlər. İşləyib, səhvlər edib, səhvləri üzərində öyrənərək inkişaf etməyə üstünlük verirlər. Halbuki bir çox təcrübələr barəsində kitablardan oxuyub və ya təlimlərdə iştirak edərək həftələrlə gedilən yolları çox daha qısa zamanda keçmək olar. Buraxıla biləcək səhvlərin qarşısını kitablardan oxunmuş, təlimlərdə öyrənilmiş təcrübələrlə önləmək olar. Məqsədlər olmadığı üçün gənclər təlimlərə də maraq göstərmir. Məqsədi olmayan bir insanın inkişafa da marağı olmur. İnkişaf etmək istəməyən insan üçün isə kitab oxumaq vaxt itkisi, təlimdə iştirak etmək əzaba çevrilir.

Comments

Popular posts from this blog

Səmimi hisslər gözəl sözləri, Gözəl sözlər səmimi hissləri yaradır

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Olduğun kimi yaşa