понедельник, 26 июня 2017 г.

Bitcoin və digər kriptovalyutaların qiymətinin düşməsi onların sonundan xəbər verirmi?

Hörmətli Oxucular,

Son iki gün ərzində kriptovalyutaların qiymətində düşüş nəzərə çarpır. Bazar həcminə (Market Cap) diqqət yetirsək böyük həcmdə (təxminən 6 mlrd dollar ) Bitcoin və digər kriptovalyutaların da böyük həcmdə satışı həyata keçirilmişdir. Hətta bununla əlaqədar Coinbase və bir sıra digər online birjaların fəaliyyətində fasilələr yaranmış bir sıra birjalar ümumiyyətlə müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.

Bu vəziyyətlə əlaqədar olaraq bir çox insanlar panikaya düşüb öz kriptovalyutalarını daha ucuz qiymətə satırlar. Bu digər tərəfdən də başqaları üçün endirimli qiymətlə alış imkanıdır. :) Əlinizdə olan kriptovalyutaları əslində bu mərhələdə satmaq doğru deyil çünki, 1 Bitcoin və ya 1 Ethereum bu gün də sabah da eyni olaraq 1 Bitcoin və ya 1 Ethereumdur. Bu mərhələdə əslində əsl alış zamanıdır. Çünki zamanla bütün dünyada fərdi şəxslərin kriptovalyutaları alış etməsi onların qiymətinin yenidən uzunmüddətli perspektivdə artışına gətirib çıxaracaq.
Ümumiyyətlə nə baş verdiyi barədə öz fikirlərimi Sizinlə bölüşmək istərdim. Ümumi götürdükdə kriptovalyutalar öz həyat dövrünün hələ ilkin mərhələsindədir. Hələ bu mərhələdə bir çox insanlar kriptovalyutalara bir ödəmə vasitəsilə olaraq baxmaq əvəzinə onlara tez bir zamanda varlanmaq aləti olaraq baxırlar. Bunun nəticəsi olaraq kriptovalyutaların qiymətində belə dalğalı hərəkətlər baş verir. Üstəlik də Bitcoin və digər top onluqda olan kriptovalyutaların həcminin böyüməsi ilə bağlı yaranan problemləri var ki, onları həll etməyə çalışırlar. Xüsusilə Bitcoin avqust ayının birində SegWitx2 aktivləşdirməklə yeni bir dönəmə keçid əldə etmiş olacaq. Bu o deməkdir ki, bitcoin tranzaksiyalarının təsdiq sürəclərində ciddi bir irəliləyiş olacaqdır ki, bu da bitcoinun gündəlik istifadəsini rahatlaşdıracaqdır.
Bu gün dünyada ikinci yerdə olan Ethereum kriptovalyutası komandası böyümənin gətirəcəyi problemlərin aradan qaldırılması istiqamətində ciddi irəliləyişlər əldə edirlər. Əslinə baxarsanız Ethereum spekulant investorların səyləri nəticəsində həddindən artıq böyümüşdür. Belə ki, 2017-ci ilin əvvəllərində 10-11 dollar dəyərində olan kriptovalyuta 6 ay sonra 380-400 dollar həddinə gəlib çatmışdır. Əslində isə bir ödəniş vasitəsi olaraq Ethereum üçün bu real dəyər deyil. 
Bundan sonra nə olacaq?
Bundan sonra olacaqları təxmin etmək çox çətindir. Çünki hal-hazırda kriptovalyutalarla baş verən proseslər nə texniki nə də fundamental analiz çərçivələrinə sığmır. Burada daha çox psixoloji faktorları düşünmək lazımdır. Yəni əgər kütlə bu böyük həcmdə satışların təsirindən əllərində olan kriptovalyutaların satışını etmək qərarına gəlsələr bəlkədə məsələn Ethereum dəyərində 150-200 dollarlara qədər düşüş ola bilər. Yaxud əksinə də proses baş verə bilər ki, hal-hazırda mövcud olan 250 dollar həddindən yuxarı qalxar. Bunu zaman göstərəcək.

Bu arada bir sıra Altcoinlarda top onluğa daxil olan kriptovalyutalarda düşüşə baxmayaraq əksinə artım müşahidə olunur. Bu əsasən onların arxasında real istifadəçilərin durması ilə əlaqədardır. Maləsəf xüsusilə Ethereum bu dərəcədə popularlığına baxmayaraq arxasında o dərəcədə istifadəçi ordusu yoxdur.

Ümumilikdə düşünürəm ki, hal-hazırda əgər əlinizdə kriptovalyuta varsa onu satmağa dəyməz. Əgər ümumiyyətlə kriptovalyutanız oxdursa indi əsl almaq vaxtıdır.

воскресенье, 18 июня 2017 г.

Kriptovalyuta - yeni nəsil pullar!

Bu gün kriptovalyuta və blokçeyn həm dünya ictimaiyyətində, həmçinin də ölkəmizdə insanlar tərəfindən ən çox maraq doğuran mövzulardandır. Onun üçün bu məqalədə bu mövzu barəsində araşdırmalarım və bildiklərimi Sizinlə paylaşmaq qərarına gəldim.
Kriptovalyutanın yaranma zərurəti

İnternet yarandıqdan sonra bu texnalogiya bir çox sahələrdə həyatımıza inteqrasiya edərək, gündəlik fəaliyyətimizin sürətlənməsinə gətirib çıxarmışdır. Məhz internetin hər kəsə əlçatan olması texnalogiyaların bu gün mövcud olan səviyyədə inkişafına şərait yaratmışdır. Bu inkişafın məntiqi davamı olaraq ödəniş sistemləri və ənənəvi pulların da inkişafına ehtiyac duyulurdu. Əslində artıq uzun zamandır xüsusilə inkişaf etmiş ölkələrdə insanlar kağız pul əskinaslarından demək olar ki, istifadə etmir. Ödənişləri plastik kartlar, internet və mobil bank xidmətləri vasitəsilə həyata keçirirlər. Həmçinin dövri olaraq, əsasən siyasi proseslərin təsiri ilə baş verən maliyyə böhranları yeni – məhdud və daha çox iqtisadi faktorlara əsaslanan ödəniş alətinin formalaşmasına kəskin tələb yaratmışdı. Bunun nəticəsi olaraq 2008-ci ildə Satoşi Nakamota ləqəbli şəxs və ya qrup tərəfindən Bitcoin adlandırdıqları ilk kriptovalyuta dünya ictimaiyyətinə təqdim edildi. Bu açıq bir texnalogiya olduğu üçün Satoşi Nakamotonun dərc etdiyi kriptovalyuta mexanizminin sənədi ilə internetdə - bitcoinun rəsmi səhifəsində (https://bitcoin.org/bitcoin.pdf)  tanış olmaq olar. Bu yenilik öz yanaşması və fəlsəfəsi ilə çox fundamental bir yenilikdir.
Kriptovalyuta nədir?
Kriptovalyuta sözünün özündən də göründüyü kimi onun kökündə kriptoqrafiya dayanır. Yəni bu müəyyən bir açarla kodlaşdırılmış bir nəticədir. Əldə olunmuş bu kod müəyyən alqoritmin həllidir. Sadə dildə desək məsələn 10 rəqəmini bir alqoritm olaraq düşünün. Bu alqoritmi əldə etmək üçün məhdud sayda həlli yolları var məsələn 1+9, 2+8, 3+7, 4+6 və s. Bu həll yolları kriptovalyutadır. Bu kodlaşdırılmış unikal bir həll yoludur. Onu kopyalayıb artırmaq qeyri mümkündür, beləki hər bir həll yolu unikaldır. Zamanla insanlar bu həlli yollarını öz aralarında ödəniş vasitəsi kimi istifadə etməyə razılaşıblar və nəticədə o ödəniş vasitəsinə çevrilib. Yarandığı dövrlərdə təbii ki, bitcoin o qədər də məşhur olmadığı üçün, həmçinin əldə olunması daha asan olduğu üçün onun qiyməti 1 sent civarında idi. Əsasən proqramistlər tərəfindən istifadə olunan bu elektron ödəniş vasitəsi zamanla genişlənməyə başladı və 2013-cü ilin sonlarında artıq onun qiyməti 1000 dollardan çox idi. İnternet məkanında bitcoin əldə etmiş və onun əsasında yüksək həcmdə sərvət əldə etmiş insanlar barədə çoxlu hekayələr var. Bunlardan ən maraqlısı 10,000 bitcoin müqabilində alınmış iki ədəd pizza ilə bağlıdır. Bu kriptovalyuta tarixində ən bahalı pizza hesab olunur. Belə ki, bu məqalə yazıldığı tarixə (22.05.2017) olan məzənnə ilə hesablasaq həmin iki pizzanın qiyməti 20,500,000 dollar təşkil edir J. Ümumilikdə bitcoin alqoritminin 21 mln həlli yolu var. Bu gün üçün bu həlli yolunun artıq 17 mln yaxını əldə olunub.
Blokçeyn nədir?
Blokçeyn kriptovalyutadan daha geniş bir anlayışdır. Belə desək kriptovalyuta blokçeyn aysberqinin görünən hissəsidir. Bu texnalogiya zamanla daha da geniş analiz olunaraq internet kimi həyatımızın müxtəlif sahələrinə inteqrasiya edəcəkdir. Sadə dildə desək blokçeyn proseslərin avtomatik qeydiyyatı jurnalıdır. Burada proseslər sözündən istifadə etməyimdə səbəb odur ki, blokçeyn tək kriptovalyuta üzrə əməliyyatların qeydiyyatı üçün yox müxtəlif növ aktivlərin qeydiyyatı üçün istifadə edilə bilər. Bu gün bitcoin və digər kriptovalyutalar üzrə aparılan bütün əməliyyatlar müvafiq kriptovalyutanın formalaşdırıldığı blokçeyn platformasında qeydiyyata alınır. Hər bir növbəti əməliyyat əvvəlki ilə bağlantılı şəkildə formalaşdırılaraq yaddaşda saxlanılır. Blokçeyn hər hansı mərkəzi yoxlama mexanizmi olmayan bir texnalogiyadır.
Cari sistem
Blokçeyn


Şəkillərdən də göründüyü kimi birinci – bu gün mövcud olan mexanizmdə mərkəzi banklar və ya qurumlar valyutanın emisiyasını həyata keçirərək onun həcmini tənzimləyirlər. Həmçinin Banklar, köçürmə sistemləri və digər üçüncü tərəflər ənənəvi pullar üzrə əməliyyatların təsdiqini həyata keçirirlər. Eyni zamanda bütün əməliyyatlar barədə məlumatlar yalnız bu qurumlarda məxvi saxlanılır. Bunun üçün də təbii ki, banklar, köçürmə sistemləri və digər üçüncü tərəf təşkilatları yüksək komissiyalar alırlar. İkinci şəkildə qeyd olunan mexanizmdə təsvir olunan blokçeyn texnalogiyasında isə insanlar öz aralarında bağladıqları razılaşmalar əsasında pul köçürmələrini hər hansı üçüncü tərəfin iştirakı olmadan həyata keçirir. Burada hər hansı mərkəzi və ya tənzimləyici orqan yoxdur. Hər bir əməliyyat bütün şəbəkə tərəfindən nəzarətdə saxlanır. Əməliyyatlar isə mədənçilər (miners) tərəfindən təsdiq olunur. Bunun nəticəsində onlar krptovalyuta əldə etmiş olurlar. Daha sonra əldə etdikləri həll yolu barəsində avtomatik olaraq blokçeynə daxil olan bütün iştirakçılar (nodes) məlumatlandırılır və onların komputerlərində olan baza yenilənir. Beləliklə hər bir əməliyyat barəsində məlumat kopyalanaraq, mərkəzi server əvəzinə bütün komputerlərdə saxlanılır. Bu blokçeynin çox təhlükəsiz bir texnalogiya olmasını təmin edir. Belə ki, hər hansı xaker blokçeyndə həyata keçirilmiş bir əməliyyatı ələ keçirmək istədiyi təqdirdə o bir biri ilə bağlı olan minlərlə, yüzminlərlə əməliyyatı ələ keçirməli olur ki, bu da demək olar ki, qeyri mümkündür.
-Hazırda bu sahədə dünyadakı tendensiya necədir? Hansı ölkələr bu pul vahidlərini rəsmi olaraq qəbul edib və tətbiq edir?
Hazırda bu sahə nisbətən yeni olduğu üçün bir çox ölkələr kriptovalyuta və ümumilikdə blokçeyn texnalogiyalarını araşdırırlar. Onunla işləmə mexanizmlərini formalaşdırmağa çalışırlar. Bir sıra ölkələrdə kriptovalyuta əmtəə kimi qəbul olunaraq ona digər əmtəələr kimi münasibət formalaşdırılır. Bir sıra ölkələrdə ona investisiya aləti kimi baxılır. Ancaq kriptovalyutanı ödəniş vasitəsi kimi qəbul edən ölkələr də vardır. Bunlardan məsələn Almaniyanı misal göstərmək olar. Yaponiyada ümumiyyətlə bitcoin qanuni ödəniş vasitəsi kimi artıq qəbul olunub. Çində məsələn bitcoin ilə əməliyyatlar banklara qadağan olunub, ancaq fiziki şəxslərə icazə verilir. Çin ümumiyyətlə dünyada ən çox sayda bitcoin mədənçiləri (miners) olan ölkələrdəndir. İsveçrədə kriptovalyuta ilə əməliyyatlar və biznes qurulması üçün ən münbit şərait mövcuddur. Bu ölkədə kriptovalyuta xarici valyuta olaraq qəbul olunur. Ukraynada artıq bir çox insanlar öz yığımlarını kriptovalyutaya keçirirlər. Bu da təbii bir haldır belə ki, kriptovalyuta məhdud resurs olduğu üçün onun uzunmüddətli perspektivdə dəyərdən düşməsi və ya hər hansı böhranlara məruz qalması qeyri mümkündür.
-Ümumiyyətlə, bu pul vahidi ilə bağlı alqı-satqı necə həyata keçirilir? . Banklar  bunu necə tənzimləməlidir? Bunun üçün ayrıca bank yaradılmalı, ya necə?
Kriptovalyutanın alqı satqısı üçün çoxsaylı onlayn mübadilə məntəqələri mövcuddur. Onların sayı gündən günə artır. Düşünürəm ki, zamanla kriptovalyutanın alqı satqısı prosesində müəyyən tənzimləmələr tətbiq olunacaqdır. Bu elektron valyuta olduğu üçün onu izləmək və hərəkətlərinə nəzarət etmək kağız pullardan fərqli olaraq daha asandır. Onun üçün daha öncə də qeyd etdiyim kimi hələ nisbətən yeni olduğu üçün alqı satqı prosesinə ciddi nəzarət bir çox ölkələrdə zəifdir, bəzilərində ümumiyyətlə yoxdur.
Banklar kriptovalyutadan çox blokçeynin imkanlarından istifadəyə açıq olmalıdırlar. Belə ki, blokçeyn mövcud bank sistemlərindən daha təhlükəsiz və təkmil nəzarət və qeydiyyat imkanlarına malik olan bir sistemdir. Bir çox böyük Banklar artıq pul köçürmələrində Ripple blokçeyninin tətbiqi ilə bağlı razılaşmalar imzalayıblar. Bu məqamda qeyd edim ki, bitcoindan sonra yaranmış bir sıra qruplar ktiptovalyuta və blokçeyn texnalogiyalarının inkişafında ciddi irəliləyişlər əldə ediblər. O ki, qaldı kriptovalyuta əsaslı yeni bankların yaranmasına düşünürəm bu qaçılmaz bir prosesdir. Hətta artıq bir neçə nümunələr təxminən bir ay öncə formalaşıb. Sadəcə kriptovalyuta əsaslı Bank yanaşmasında ənənəvi yanaşmadan fundamental fərqli ciddi dəyişikliklər nəzərə çarpır. Burada fərqli düşüncə formalaşdırmaq önəmlidir. Bu düşüncə kredit verib, müştərilərin əməliyyatlarını həyata keçirib ondan komissiya qazanan bir qurum olaraq deyil, yaşayan, iş görən və inkişaf edən bir insan cəmiyyətinin daha çox resurslara malik olan bir iştirakçısı olmaq və bu cəmiyyətin inkişafı üçün çalışmaq düşüncəsinə keçiddən ibarətdir. Bu zamanla formalaşacaq.
- İstifadəçilər bu pul vahidini necə , haralardan əldə edə bilər? Bu barədə ətraflı məlumat versəniz, çox şad olardıq
Hal-hazırda bir çox kriptovalyutaları beynəlxalq onlayn mübadilə saytlarında əldə etmək mümkündür. Dünyada olan mübadilə saytlarında mövcud olan məzənnələri müqayisə etmək üçün https://www.bestchange.ru/ saytının imkanlarından istifadə etmək olar. Kriptovalyutaları Visa / MasterCard kartları, PayPal və çoxsaylı digər elektron ödəmə vasitələri, həmçinin, Western Union, Contact və s. Pul köçürmə sistemləri vasitəsilə köçürmə edərək də əldə etmək olur. Ümumiyyətlə kriptovalyutaların qiymət dəyişim trendləri, daha çox hansı mübadilə məntəqələrindən alınması barədə daha geniş məlumat əldə etmək üçün www.coinmarketcap.com incələməyi tövsiyyə edirəm.
-Coinlərin məzənnəsinin  təyin olunması  necə həyata  keçirilir?
Coinlərin məzənnəsinə təsir edən iki əsas faktor vardır. Birinci faktor çətinlik əmsalıdır. Bu onun sayının məhdud olması ilə əlaqədar olaraq hər yeni kriptovalyutanın əldə edilməsi öncəkinin əldə olunmasından daha çətin olması ilə əlaqədardır. Kriptovalyutanın mədənçiliyi prosesi nə qədər çətinləşərsə onun qiyməti də qalxır. İkinci faktor kriptovalyutaya olan tələbdir. İstifadə həcmi artdıqca kriptovalyutaya olan tələb də artır. Bu da təbii ki, onun qiymətinin qalxmasına gətirib çıxarır. Tələbin artmasına təbii ki, bu gün bir sıra fundamental faktorlar da ciddi təsir edir.
Bu iki faktorun qarşılıqlı təsiri nəticəsində kriptovalyutanın qiymətində dəyişiklik baş verir.