Blokçeyn texnologiyası gələcəyi necə dəyişəcək?

Bu gün kriptovalyuta bazarlarında baş verən dəyişikliklər, kriptovalyutaların qiymətində olan yüksəliş bir çox insanların onlara diqqətinin artmasına səbəb olub. Aysberqin görünən hissəsi olan kriptovalyutalara diqqətimizin kilidləndiyi bir zamanda, bir çox şəxlər, şirkətlər və ölkələr kriptovalyuta alıb onun qiymətinin qalxmasını gözləmək əvəzinə daha fundamental işlər üzərində çalışırlar. 
Təbii ki, bu gün qısa müddət ərzində bir sıra kriptovalyutaları əldə edib ondan bir müddət sonra müəyyən qazanc əldə etmək olar. Ancaq  blokçeyn texnologiyası əsaslı yeni bizneslər quraraq, onu qlobal bazarlara çıxarıb daha böyük nəaliyyətlər əldə etmək mümkündür. Çünki bu bazar bu gün boşdur. Nəticədə bu ilklər gələcəyin facebook, uber, airbnb və s. tipli bizneslərinə çevrilə bilər. Bu gün kimsə çıxıb kirayə aləmində blokçeyn əsaslı fərqli bir mexanizm təklif etsə (ki, bu təkliflər artıq formalaşmağa başlayıb) bu diqqət cəlb edəcək və zamanla paralel inkişaf edən kripto bazarda öz mövqeyini tutacaq.
Məsələ ondadır ki, bir zamanlar internet yarananda bu məqaləni oxuyanların bir çoxları üçün necə ki, internet qaranlıq bir dünya kimi görünürdü, bu gün blokçeyn elə görünür. Ancaq necə ki, internet bu gün həyatımızın ayrılmaz bir parçasına çevrilib, gələcəkdə blokçeyn bütün sahlərdə həyatımızın bir hissəsi olacaq.
Blokçeyn nədir?
Blokçeyn daxilində aparılan bütün addımların bir birinə bağlı şəkildə, ardıcıl olaraq qeydiyyatını təmin edən, paylaşılmış şəbəkə əsaslı, yüksək təhlükəsizliyə malik qeydiyyat platformasıdır. 
Bu platforma Banklar, mühasibat şirkətləri, Hər hansı şirkət və qurumların fiziki olaraq gördükləri və buna görə komissiya aldıqları xidmətləri avtomatlaşdıraraq xidmət təklif edənlərlə onları əldə etmək istəyənlər arasında birbaşa bir körpü yaradır. 
Blokçeynin imkanları gələcəkdə bütün sahələrə öz təsirini göstərəcək ancaq mənim uzun zaman Bankçılıq sahəsində çalışmamı nəzərə alaraq bir blokçeynin Bankçılıq sahəsinə təsirləri barəsində öz fikirlərimi bölüşmək istərdim. 
Bildiyiniz kimi klassik bankçılıq istehlakçı prizmasından baxanda əlində sərbəst vəsaiti olan şəxslərlə, onu səmərəli şəkildə istifadə etmə imkanları olan şəxslər arasında körpü rolunu oynayır. Yəni Bankçılığın mövqeyi mərkəzdə dayanır. Bu prosesdə Banklar, sərbəst vəsaiti olanlar üçün bu investisiya prosesini daha təhlükəsiz etmədə bir növ qarantor rolunu oynayırlar. Çünki Banklarda kreditləşdiriləcək biznesləri analiz etməyə müvafiq bilik və bacarıqları olan insanlar çalışır. Onun üçün də insanlar öz pullarını Banklara etibar edirlər ki, banklar onları kredit şəklində daha səmərəli formada investisiya etsinlər və ordan əldə etdikləri qazancın bir hissəsini də onlara əmanət faizi şəklində ödəsinlər. 
Blokçeyn bu yanaşmanı kökündən dəyişir. Məsələ burasındadır ki, blokçeyn əsaslı biznes ideyasında blokçeyn iştirakçıları biznesin müştərilərinə çevrilir. Bunu onlar həmin biznesin məhsullarından istifadə edərək, həmçinin ona potensial investor olaraq edə bilirlər. Yəni bu biznesə investisiya etmək olarmı və ya olmazmı qərarını verən bankirə artıq ehtiyac olmur. Çünki insan özü o biznesin müştərisi olduğuna görə özü qərar verir. Şirkətin məhsulu xoşuna gəlirsə investisiya edir, gəlmirsə etmir. Bir tərəfdən baxanda bu çox ekoloji bir yanaşma və texnologiyadır.
Belə olan halda sual yaranır ki, bu o demekdir ki, Banklara ehtiyac olmayacaq? Bu məsələ ilə bağlı mənim düşüncəm belədir ki, Bankların xidmətlərində və pozisiyalaşmasında transformasiya olması lazımdır. Yuxarıda qeyd etdiyim Bankların mərkəzdə dayanan mövqeyindən xidmət verən roluna keçməsi lazımdır. Klassik bankçılıq formatı artıq öz dövrünü yaşayıb və onun yeni reallıqlara adaptasiya olması lazımdır. Necəki, bir zamanlar lentli kasetlər var idi və ona uyğun maqnitafonlar istehsal olunurdu və bu gün həm lentli kasetlər, həmçinin disklər və usb daşıyıcılar yavaş yavaş sıradan çıxır və onların yerini birbaşa internetə bağlantısı olan avadanlıqlar alır. Bankçılıq da insanların öz aralarında birbaşa pul münasibətləri qurduğu kriptovalyuta və blokçeyn əsaslı texnologiyalara uyğunlaşmalıdır. 


Comments

Popular posts from this blog

Səmimi hisslər gözəl sözləri, Gözəl sözlər səmimi hissləri yaradır

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Olduğun kimi yaşa