четверг, 26 июля 2018 г.

Bank sektorunun analitik icmalı (30.06.2018)


Ümumilikdə Bank sektoruna əhalinin inamının azalmasına baxmayaraq, Banklar tərəfindən
hələ də bu inamın bərpası istiqamətində ciddi addımlar müşahdə olunmur. Bu inamın bərpası üçün yeni keyfiyyətdə, modern məhsul və xidmətlərin təqdim edilməsi və onların düzgün bir şəkildə kommunikasiya olunması önəmlidir.  Bir çox Bankirlər elə düşünürlər ki, ilkin olaraq insanların ehtiyacları yaranmalı daha sonra onları ödəmək üçün məhsullar formalaşdırılmalıdır. Əslində isə bunun əksini düşünən və öz müştərilərini yeni innovativ texnologiyalardan istifadə etməklə, yeni bankçılıq trendlərinə öyrədərək inkişaf edən banklar daha avantajlı mövqedə olurlar. Düzdür bu yol daha çox vəsait və zəhmət tələb edən yoldur ancaq uzunmüddətli perspektivdə bu istiqamət öz bəhrəsini artıqlaması ilə verir. Baxmayaraq ki, bir sıra banklar mobil və internet bankçılıq xidmətlərinin tətbiqi ilə, müştərilərinin bankçılıq təcrübələrini təkmilləşdirməyə çalışırlar bu istiqamətin geniş yayılması istiqamətində kommunikasiyalar yetərli görünmür.
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət palatasının yayımladığı 30.06.2018-ci il tarixinə statistik məlumatları ötən ilin müvafiq dövrü və ilin əvvəlinə göstəricilərlə müqayisədə analitik göstəriciləri də Bank sektoruna insanların inam səviyyəsini əks etdirir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 iyun 2018-ci il tarixinə göstəricilərdə Bank sektorunun ümumi aktivlərində 6.8% azalma müşahidə olunur. 30.06.2017-ci il tarixində aktivlərin həcmi 30.04 mlrd manat təşkil etdiyi halda, 30.06.2018-ci ildə bu göstərici 27.99 mlrd manat olmuşdur. Bu ilin əvvəli ilə müqayisədə isə 0.2% artım müşahidə olunur. Ötən illə müqayisədə aktivlərin həcmində olan azalma əsasən kredit portfelində olan azalma əsasındadır. Belə ki, müştərilərə verilmiş kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.04 mlrd manat azalmışdır. Bankların ümumi kredit portfeli 30.06.2017-ci il tarixində 13.46 mlrd manatdan 30.06.2018-ci il tarixində 11.71 mlrd manatadək azalmışdır ki, bu da 13%-lik bir azalmadır. İlin əvvəlinə olan göstəricilərlə müqayisədə isə 3.3% artım müşahidə olunur.
Balansın öhdəliklər tərəfində baxdıqda isə cəmi öhdəliklərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8%-lik azalma müşahidə olunur. Belə ki, 30.06.2017-ci il tarixinə cəmi öhdəliklər 27.32 mlrd manat olduğu halda 30.06.2018-ci ildə bu göstərici 24.09 mlrd manat olmuşdur. İlin əvvəli ilə müqayisədə cəmi öhdəliklərdə 0.5%-lik azalma müşahidə olunur. Bank sektorunun depozit portfelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4%-lik artım (30.06.2017 – 16.69 mlrd manat, 30.06.2018 – 17.25 mlrd manat) müşahidə olunsada bu artım əsasən tələbli depozitlər hesabınadır. Belə ki, fiziki şəxslərin bir ilədək yerləşdirdikləri əmanətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.6% artım (30.06.2017 – 1.73 mlrd manat, 30.06.2018 – 2.35 mlrd manat), hüquqi şəxslərin tələbli əmanətlərində isə 26.7% artım (30.06.2017 – 5.88 mlrd manat, 30.06.2018 – 7.64 mlrd manat)   müşahidə olunur. Həmçinin, hüquqi şəxslərin müddətli əmanətlərində kəskin azalma müşahidə olunmaqdadır. Belə ki, ötən ilin müvafiq dövründə hüquqi şəxslərin müddətli əmanətləri 3.93 mlrd manat olduğu halda, 30.06.2018-ci il tarixində bu göstərici 54.6% azalaraq 1.78 mlrd manat təşkil etmişdir.
Maliyyə hesabatlarında həmçinin maliyyə institutlarının banklarda yerləşdirdikləri əmanət həcmlərində ciddi fərqlər var. Belə ki, maliyyə institutlarının 30.06.2017-ci il tarixinə banklarda olan depozitlərinin həcmi 3.99 mlrd manat olduğu halda, 30.06.2018-ci ildə bu göstərici 70.5% azlaraq 1.18 mlrd manat təşkil etmişdir. Azalma tendensiyası 2018-ci ilin əvvəlindən etibarən də davam etmişdir. Belə ki, ilin əvvəlinə olan göstəricilərlə müqayisədə bu göstərici üzrə 22.1%-lik azalma müşahidə olunmuşdur. Bankların maliyyə resurslarına olan ehtiyaclarını bir qismini qiymətli kağızların buraxılışı hesabına təmin etməyə çalışdığı görünür. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar 30.06.2017-ci il tarixində 0.21 mlrd manat olduğu halda 30.06.2018-ci ildə bu göstəricidə yeddi dəfədən artıq artım müşahidə olunaraq  1.85 mlrd manat təşkil etmişdir.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların sayında azalma olsada (30.06.2017 – 31 bank, 30.06.2018 – 30 bank) bankların kapital həcmində artım müşahidə olunur. Belə ki, 30.06.2017-ci il tarixində bankların cəmi kapitalı 2.71 mlrd manat təşkil etdiyi halda, 30.06.2018-ci il tarixində bu göstərici 3.90 mlrd manat təşkil etmişdir ki, bu da 43.8% lik bir artımdır. İlin əvvəli ilə müqayisədə də bu göstəricidə 5.2%-lik artım müşahidə olunmuşdur.
Bankların gəlirlərinin strukturuna baxdığımız zaman faiz gəlirlərində ötən ilin müvafiq dövrünə olan göstəricilərlə (30.06.2017 – 1.01 mlrd manat, 30.06.2018 – 0.84 mlrd manat) müqayisədə 16.3% azalma müşahidə olunduğunu görürük. Qeyri faiz gəlirləri də 45.8% azalma ilə 30.06.2018-ci il tarixinə 0.25 mlrd manat təşkil etmişdir. Bankların xalis mənfəəti ötən ilin 30.06.2017-ci il tarixində 84.9 mln manat təşkil etdiyi halda, 30.06.2018-ci il tarixində bu göstərici 36.3 mln manat olmuşdur.
Digər maraqlı bir göstərici Bankların filiallarının sayı ilə bağlıdır. Ötən ilin iyun ayının sonuna Bankların ümumi filiallarının sayı 560 filial təşkil etdiyi halda, bu ilin eyni dövründə bu göstərici 511 filial təşkil etmişdir. Bu bir il ərzində 49 filial bağlanmışdır. Maraqlıdır ki, filialların sayında azalmaya baxmayaraq Banklarda çalışan əməkdaşların sayında artım müşahidə olunur. Belə ki, 30.06.2017-ci il tarixində Bank işçilərinin ümumi sayı 16095 nəfər olduğu halda, 30.06.2018-ci il tarixində bu göstərici 16737 nəfər olmuşdur. Qeyd edim ki, bank işçilərinin sayında il ərzində artım rəqəminin yəni 642 nəfərin 566 nəfəri bu ilin əvvəlindən olan dövr ərzində işə alınıb.
Bank sektorunun cari vəziyyətini analiz etdikdə belə nəticəyə gəlmək olar ki, bu sektorda ciddi keyfiyyət dəyişikliklərinə ehtiyac vardır. Daha təkmil idarəetmə modelləri tətbiq olunmaqla modern bankçılıq nümunəsi yaradılmalıdır. Qeyd edim ki, bazarda bir iki bankda artıq bu istiqamətdə ciddi nəaliyyətlər müşahidə olunur. Bu addımları ilə düşünürəm onlar ciddi rəqabət üstünlüyü əldə edəcəklər.



четверг, 1 марта 2018 г.

Dünyaya kouç gözü ilə baxmaq

İnsan dünyaya gəlir, böyüyür, həyatı, ətraf mühiti kəşf edir və onu anlamağa çalışır. Bəzən dünya işləri ilə o qədər məşğul olur ki, özünü dərk və öz arzu istəklərinin, resurslar və daxili imkanlarının öyrənməsinə və dərk etməsinə zaman ayıra bilmir. Özünü anlamadan, özünü dərk etmədən isə dünyaya yanaşma bir çox hallarda ağ-qara ekranda film izləməyə bənzəyir – darıxdırıcı və sıxıcı. Bu sıxıcı həyat səhnəsində insan solur, ruhdan düşür, həyat eşqini öldürür və eyni zamanda işlədiyi mühitdə qeyri effektiv, yaxınları ilə münasibətlərdə və üsniyyətə qapalı olur. Dünyaya kouç gözü ilə baxışda insan məhz daxili dünyasına səyahət edir. Öz həyatına, resurlarına, yanaşmalarına 3D formatında baxış keçirir.
İnsanı məcazi mənada bir ağaca bənzətsək, bu ağacın kökləri uşaqlıqdan valideyinlərimizin və bizi sevən böyüklərimizin bizə aşıladığı metoproqramları (Onu etmək olmaz, bunu olar, o yaxşıdır, bu pisdir, bura getmək olar, ora olmaz və s. yüzlərlə proqram və şablonlar) xatırladır. Bu metoproqramlar bizim böyümə imkanlarımızı və yaxud əksinə, özümüzə müəyyən etdiyimiz məhdudiyyətlərimizi müəyyən edir. Göstərilən münasibətdən aslı olaraq isə bu inkişaf prosesində emosional fon yaranır. Emosional durum nə qədər yaxşı olarsa, insan o qədər çoxşaxəli və qolbudaqlı olur və daha çox inkişaf edir. Son zamanlar geniş maraq doğuran emosional intellekt də elə məhz bu mövzudan irəli gələrək aktullaşmışdır. Çünki, daha yüksək emosional duruma malik olmaqla, insan öz öyrənmə və çalışma potensialını artırır, faydalılıq əmsalını yüksəldir.
Dünyaya kouç gözü ilə baxış məhz bu prizmadan formalaşır; özünü, dünyanı, ətrafdakı insanları olduğu kimi qəbul etmək. Potensial inkişaf istiqamətlərini araşdırmaq və heç bir halda məsləhətçi rolunda deyil, araşdırmaçı rolunda olmaq. Çünki, hər kəs üçün öz reallığı doğrudur. Hər kəs öz dünyasına, düşüncə tərzinə uyğun mühitdə yaşayır. Bu dünyaya kənardan müdaxilə etmək doğru deyildir. Hər kəs öz dünyasını, düşüncələrini yalnız özü dəyişə bilər. Bu dəyişiklik qapısı insanın özündədir. İçimizdə olan o fərqliliyə aparan qapının açarı isə bizim öz qarşımızda qoyduğumuz suallardır. Məhz doğru suallar yeniliyə aparan qapını açıb, o tərəfə – yeni mühitə, dəyişikliklərə baxış imkanını yaradır. Yenidən geri qayıdıb, qapını bağlayıb, əski həyata davam etməmək üçün isə emosional dəstək çox önəmlidir. Kouç, insanın öz xəyallar dünyasına səyahət edib, öz təbii arzularını hiss edib, görüb, duyub onlara doğru addımlaması üçün emosional mühiti yaradır. Gedəcəyi yolu isə insan özü seçir.

пятница, 16 февраля 2018 г.

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Kouçinq ölkəmizdə nisbətən yeni bir istiqamətdir. Onun üçün bir çoxlarında sullar yaranır ki, görəsən hansı hallarda mən kouça müraciət etməliyəm? Kouça müraciətin mənim üçün faydası nə olar?
Bu yazıda sizinlə birlikdə bu mövzunun araşdırmağa çalışacağıq.
Beləliklə ilk sual: Kouç kimdir?
Rəsmi olaraq baxsaq, kouç, baza təhsilinə malik (əsasən ali), əlavə olaraq kouçinq sahəsində akkreditasiya olunmuş tədris proqramları üzrə profesional təlim almış (toplam 60 saatdan az olmamaqla), profesional sertifikasiyaya malik şəxsdir.
Obrazlı olaraq isə mən hər zaman kouçinqi, taksi sürücülüyü peşəsinə bənzədirəm. Siz bir məntəqədən başqa bir məntəqəyə daha tez getmək istədikdə taksidən istifadə edirsiniz. Taksiyə oturduqda sizə ilk verilən sualı xatırlayırsınızmı? İlk sual o olur ki, siz hara getmək istəyirsiniz? Gedəcəyiniz yeri dəqiq bildirə bilməsəniz taksi sürücüsü sizi həmin yerə aparıb çıxara bilməz. Gedəcəyiniz ünvanı bilmədikdə, o müxtəlif suallarla (O yer hara yaxındır? Onun yanında nə var?  və s. ) sizin getmək istədiyiniz ünvanın dəqiq təsvirini formalaşdırmağa çalışacaq. Bir profesional kouçun da ilk etdiyi elə buna bənzər bir prosesdir. Beləliklə kouç – sizi olduğunuz yerdən, olmaq istədiyiniz yerə daha sürətli getməkdə bələdçilik edən sürücünüzdür.))
Kouç sizə heç bir məsləhət vermir. Çünki o inanır ki, hər kəsin öz həyat təcrübəsi, öz inkişaf yolu, öz getmək istədiyi ünvan var. Bir şəxs üçün doğru olanlar mütləq deyil ki, başqa bir şəxs üçün də doğru olsun. Hər kəs öz inacları doğrultusunda haqqlıdır.
Kouça hansı məsələrlə bağlı müraciət etmək olar?
Kouçla iş, yuxarıda da qeyd etdiyim kimi getdiyi ünvanı bilən, məqsədləri olan bir insan üçün aktualdır. Məqsədli olduqdan sonra kouça  aşağıdakı məsələrlə bağlı müraciətlər ola bilər:
  •          Məqsədin dəqiqləşdirilməsində dəstək almaq üçün;
  •          Motivasiyanı yüksəltmək üçün;
  •          Xəyallar düyasından, konkret addımlara keçmək üçün dəstək almaq;
  •          Resurs ehtiyatını artırmaq üçün (burada həm informasiya resursu, həm vaxt resursu, həmçinin digər daxili resurslar ola bilər);
  •         Şəxsi inkişaf və karyera inkişafı mövzularında dəstək;
  •          İş və şəxsi həyat arasında balansı tənzimləmək və effektivliyi artırmaq üçün;
  •          Liderlik potensialını inkişaf etdirilməsi üçün;
  •          Effektiv kommunikasiya qurma yollarının analizi üçün;
  •          Həyat baxışı və missiyanın müəyyən olunması üçün və s.

Kouça müraciət sorğuları psixoloq və ya psixoteropevtə müraciət sorğularından fərqli olaraq daha çox gələcəyə yönəlik olur. Psixalogiya bu gün həyatımızda baş verənlərin səbəblərini keçmişdə axtardığı təqdirdə, kouçinq onları artıq yaşanmış bir fakt, bir təcrübə olaraq qəbul edir. Bu təcrübəyə istinadən sizin həmin andan sonra edə biləcəklərinizlə çalışır. Kouçinq prosesində siz “Məndə bu məsələnin həlli niyə alınmır?” sualına deyil, “Mən bu məsələnin həllinə necə nail ola bilərəm?” sualına cavab axtarırsınız.
Kouç sessiyası nəticəsində insanlarda vacib olan məsələlərə diqqət yetirmək və onlara fokuslanmaq bacarığı inkişaf edir. Əhval ruhiyyə yüksəlir və nəticədə insanın ətrafındakı insanlarla daha effektiv kommunikasiya etmə imkanları formalaşır. İnsan daha uzun müddətli planlar qurmağa və onların realizasiyası üçün resurslar axtarışında olmağı öyrənir. Bunlardan əlavə kouç sessiyaları nəticəsind əldə olunan ən böyük nəaliyyət isə öz istəklərin və arzularının dərki və onların reallaşdırılması üçün tam məsuliyyətin öz əlində olmasını hiss etməkdir.


понедельник, 12 февраля 2018 г.

Güclü suallarla, düşüncələrinizi azad edin!

Bəzən düşüncələrinizi məşğul edən, qərara gələ bilmədiyiniz məsələlər olur. Bu işinizlə, münasibətlərinizlə, yaşadığınız həyat yolu ilə bağlı ola bilər. Məsələ ondadır ki, bu suallar sizi rahat buraxmır, mütəmadi olaraq beyninizdə canlanaraq, sizin konsentrasiyanızı yayındırır, enerjinizi tükədir. Beyninizdə canlanan bu suallar içərisindən indi, bu anda həll yolu tapmaq istədiyiniz, sizin üçün ən vacib olan birini seçin...
Bu yazı vasitəsilə Sizi narahat edən o məsələyə ən optimal həll yolunu tapmağa çalışacağıq.
Buna nail olmaq üçün bir sıra güclü sulları, sizin özünüzə verməyiniz lazımdır. Ancaq bu sualları cavablandırarkən sizin, öz qarşınızda səmimi olmanız mütləqdir. Narahat olmayın, cavablarınızı Sizdən başqa eşidən, bilən olmayacaq. Verəcəyiniz cavablara görə heç kəs sizi mühakimə etməyəcək. Yalnız siz və düşüncələriniz... Axı siz bunu öz yaxşılığınız üçün edirsiniz. Ona görə, gördünüz ki, düşüncələriniz qeyri-səmimi cavablar verir, özünüzü hər şeyi görən və bilən müdrik bir insan kimi təsəvvür edin və düşüncələrinizi düzgün istiqamətdə yönləndirin. Suallara ardıcıl olaraq cavab verməyə çalışın, hər hansı növbəti sualı daha öncə cavablandırmaq istəsəniz, demək ki, o sualın həmin anda cavablandırılması Sizin üçün daha çox əhəmiyyətlidir. Narahat olmayın onu cavablandırın ancaq, daha öncə qeyd olunmuş sualı da cavablandırmağı unutmayın. Bu cavab “bilmirəm” olsa belə...
Başlayaq?
Sizi narahat edən və bu dəqiqə həll yolu tapmaq istədiyiniz məsələni özünüz üçün səsləndirin. Bu məsələ barəsində düşünün və aşağıdakı sualları bütün səmimiyyətinizlə cavablandırın.
Bu məsələ, sizin üçün nə dərəcədə vacibdir? Bu məsələnin Sizdə yaratdığı hissləri təsvir edin. Onun Sizin üçün əhəmiyyətini qeyd edin... Səsləndirin, əgər yanınızda kənar şəxslər varsa gözünüzü bir anlıq yumub, bu sual ətrafında beyninizdə, ünsiyyət səhnəsini təsəvvür edin.
---------------------------------------------------
Bu məsələnin, sizin üçün ən optimal həll yolu nədir? Mümkün bir və ya bir neçə həll yollarını qeyd edin... beyniniz sizin yaxşılığınızı istəyən ən yaxın dostunuzdur. Ona bu sualı verin o sizə ən uyğun həll yollarını təklif edəcəkdir.
----------------------------------------------------
Təsəvvür edin ki, məsələ sizin istədiyiniz nəticə ilə həll olunub və bunun təsdiqini görməniz, eşitməniz və ya hiss etməniz lazımdır. Bu təsdiq Sizin üçün nə olar?  
---------------------------------------------------
Təsdiq yolunu qeyd etdiyiniz bu nəticəyə gətirən həll prosesini təsvir edin? Hadisələrin bir neçə variantda inkişaf ssenarisini qeyd edə bilərsiniz.
---------------------------------------------------
Əldə etdiyiniz nəticə, gəldiyiniz qərarın sizin və sevdikləriniz üçün üstünlükləri nələrdir?
---------------------------------------------------
Özünüzü bu məsələ üzrə ekspert olaraq təsəvvür edin. Bu vəziyyətdə kənar ekspert olaraq özünüzə, nə məsləhət görərdiniz?
---------------------------------------------------
Bir az öncə təsəvvür etdiyiniz nəticəni əldə etmək üçün atılması gərəkən addımların icrasına başlamaq üçün ən uyğun zaman Sizin üçün nə vaxtdır?
---------------------------------------------------
Öz daxilinizdə apardığınız bu dialoq nəticəsində, həll etmək istədiyiniz məsələnin həll yollarını qeyd edib, sizin üçün ən uyğun zamanda onun icrasına başlaya bilərsiniz. Bununla siz düşüncələrinizi, sullarla dolu məsələlərdən azad edib, daha rahat və effektiv həyat yoluna və iş həyatınıza davam edə bilərsiniz.
Bilin ki, insan yalnız həllinə qadir olduğu məsələlərlə üzləşir. Onun üçün bu düşüncəyə gəlmisinizsə demək ki, onun ən yaxşı həlli yollarını da siz bilirsiniz. Sadəcə beyninizdəki səs küyü susdurub düşüncələrinizlə baş-başa qalmaq kifayətdir.

Sizə uğurlar arzu edirəm!

четверг, 8 февраля 2018 г.

Proof of Stake (PoS) texnologiyası kripto dünyasına yenilik gətirəcək

Hörmətli Oxucular,

Bildiyiniz kimi bloqda Sizinlə kripto, blokçeyn və yeni texnologiyalarla bağlı məlumatları paylaşıram. Bu dəfə də Sizə kripto dünyasında texnoloji dəyişikliklər barədə bir az məlumat vermək istərdim. Bu əsasən Proof of Work (yeni termin olduğu üçün Azərbaycan dilində düşünürəm ki, Mədənçilik əsaslı Təsdiq kimi tərcüməsi düzgün olar) və Proof of Stake (Saxlanc əsaslı Təsdiq) texnologiyaları və onların fərqli xüsusiyyətləri barəsində məlumatlar olacaqdır.

Əsası Bitcoin tərəfindən qoyulmuş Proof of Work - yəni Mədənçilik əsaslı Təsdiq texnologiyası hal-hazırda Bitcoin özü də daxil olmaqla bir çox kriptovalyutalarda istifadə edilir. Ancaq bu texnologiya
yüksək həcmdə enerji sərfiyyatı və məhdud maştablaşdırma imkanlarının olması ilə öz effektivliyini itirir. Belə ki, hər hansı əməliyyatlar blokunun təsdiqi üçün kripto alqoritminin həlli yolunu tapmaq lazımdır və bu proses çətinlik dərəcəsinin artması ilə əlaqədar günü gündən daha da çox resurs sərfiyyatı tələb edir. Bu da müvafiq olaraq əməliyyatların təsdiqi prosesinin gecikməsinə gətirib çıxarır.

Dünyanın ikinci ən geniş yayılmış kriptovalyutası olan Ethereumun yaradıcısı Vitalik Buterin bu məhdudiyyəti görüb, artıq 2014-cü ildən Casper adı altında kodlaşdırılmış layihəsi ilə, Ethereumun Proof of Stake - yəni Saxlanc əsaslı Təsdiq texnologiyasına keçirilməsi üzərində çalışır. Ethereum platformasının bu il ərzində PoS texnologiyasına keçirilməsi nəzərdə tutulur. Bu gün Ethereum platformasının saniyədə təxminən on beş əməliyyatı təsdiq etmə gücü vardır. Halbu ki, Visa kimi sistemlərdə bu rəqəm bir min beş yüz əməliyyat üzərində olur. Bu baxımdan əməliyyat həcminin artması ilə texnologiyanın artan tələbi qarşılamaq üçün təkmilləşməsinə ehtiyac duyulur.

Saxlanc əsaslı Təsdiq texnologiyası nədir?


Sadə dildə desək bu texnologiyada kriptovalyuta əldə etmək üçün Sizin portkripto balansında minimum müəyyən sayda (adətən 1000 üzərində olur) kriptovaluta olması lazımdır. Bu halda Siz kripto valyutalar üzrə gedən əməliyyatların təsdiqi prosesində iştirak edərək təsdiq edilmiş əməliyyatlardan qazanılmış komissiyanın portkriptonuzda olan vəsait həcmi nisbətində qazanc əldə edirsiniz. Ethereum bu texnologiyanı tətbiq etməyə başladıqdan sonra bir çoxları ETH kriptovalyutasını alıb öz portkriptolarında saxlamqda maraqlı olacaqlar. Yəni bu böyük həcmdə kriptovalyutanın saxlanclara keçməsinə səbəb olacaq ki, bu da öz növbəsində Ethereum kriptovalyutasının qiymətinin kəskin artımına səbəb olacaq. Kriptovalyuta bazarını izləyən oxucular bəlkədə Dash kriptovalyutasının kəskin qiymət artımını müşahidə etmişdir. 2017-ci ilin əvvəlirində 50-60 dollar civarında olan DASH ilin sonlarına doğru 1000 dollar üzərində qiyməti var idi. Bu məhz onların PoS texnologiyasının tətbiqindən sonra baş vermişdir.

Sual yarana bilər ki, saxlancda kripto saxlayan şəxslərin əməliyyatların təsdiqi prosesinə qeyri qanuni müdaxiləsi necə tənzimlənir. Bu sahədə adətən Proof of Stake texnologiyası ilə çalışan kriptovalyutalarda çox ciddi tədbirlər olur. Həmin şəxsin portkriptosunda olan bütün vəsaiti itirməyinə ilə nəticələnən bir cəza sistemi mövcuddur. Ona görə də saxlanc sahibləri doğru təsdiqlərdə maraqlı olurlar.

Ötən aylarda keçiş Ethereum proqramçılarından olan Charles Hoskinson da Cardano kriptovalyutasının yol xəritəsində dəyişiklik olduğunu və onların da 2018-ci ilin ikinci rübündə Saxlanc əsaslı Təsdiq texnologiyasına keçməyə hazırlaşdıqlarını bildirmişdir.

Bazarda bu iki qeyd olunan texnologiyadan başqa, bir də İOTA kriptovalyutasının üzərində çalışdığı Tangle texnologiyası var. Bu texnologiyada əməliyyatlar bir birinə bağlı şəkildə formalaşır və bir əməliyyat digərinin təsdiqində istifadə olunur. Hörgü əsaslı, hörümçək toru kimi formalaşan bu mexanizma komissiyasız köçürmələr etməyə imkan verir və çox perspektivli texnologiyadır. Ancaq onun ideyasını hələ çox təkmilləşdirmə lazımdır.

Bir məqam aydındır ki, biz çox maraqlı texnoloji innovasiyalar dövründə yaşayırıq. Bu dönəm çox həyacanlı və maraqlı bir dönəmdir. Belə ki, bütün bu texnoloji təkmilləşmələr çox ciddi texnoloji yeniliklərin - robot texnologiyalarının, yeni ekosistemlərin yaranmasına gətirib çıxaracaq. Yaşayaq görək!